Yeni il ərəfəsində Gürcüstanda iynəyarpaqlı ağacların kəsilməsi, daşınması və satışı üzərində nəzarət gücləndirilib.
Regionpress.ge xəbər verir ki, bu barədə Ətraf Mühitə Nəzarət Departamenti məlumat yayıb.
Canlı şam ağacı Yeni ilin ayrılmaz hissəsidir. Gürcüstanda artıq 10 ildən çoxdur ki, şam ağaclarının kəsilməsinə qarşı kampaniya aparılır. Sakinlərə dibçəkdə şam ağacları almaq və sonra onları həyətlərində əkmək tövsiyə olunur. Buna baxmayaraq, yeni il bazarlarında hələ də altlıqlı canlı şam ağacları və ya budaqlar satılır.
Departamentin məlumatına görə, nəzarətin gücləndirilməsi çərçivəsində regionlardakı meşələrdə və Tbilisidə yeni il öncəsi şam ağacları və budaqlarının satıldığı bazarlarda monitorinqlər aparılacaq.
Gürcüstanda yalnız satış üçün xüsusi yetişdirilən və ya ev şəraitində böyüdülən şam ağaclarının satışı qanunidir. Həmçinin, idxal edilmiş şam ağaclarının satışı da mümkündür. İynəyarpaqlı ağacların satışı və daşınması üçün xüsusi sənədlər, o cümlədən bələdiyyə tərəfindən verilən mənşə sertifikatı tələb olunur.
Qaydaların pozulmasına görə cərimələr ilk dəfə üçün 2 min lari, təkrar pozuntu halında isə 5 min lari təşkil edir. Cərimə ödəyərkən ətraf mühitə vurulan zərər də ödənilməlidir. Əgər zərər 1 min laridən çox olarsa, cinayət işi açılır. Cinayət işi zamanı, pozuntunun xarakterindən asılı olaraq, 1 ildən 8 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Ətraf Mühitə Nəzarət Departamenti vətəndaşları qaydalara əməl etməyə və qanunsuz kəsim halları barədə məlumat verməyə çağırır.


