Qardabani Təhsil və İnteqrasiya Mərkəzində Azərbaycanın “Zəfər Günü” münasibətilə tədbir keçirilib. Tədbir Azərbaycanın və Gürcüstanın dövlət himnləri ilə başlayıb, şəhidlərimizin xatirəsi yad edilib. Mərkəzin direktoru Çiçək Hüseynova İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsini vurğulayıb, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində işğal altında olan torpaqların azad edildiyini bildirib.
Regionpress.ge xəbər verir ki, tədbirdə çıxış edən ziyalılar və qonaqlar Vətən müharibəsi və postmüharibə dövründəki sülh danışıqları barədə məlumat verib, hər kəsi Zəfər Günü münasibətilə təbrik ediblər. Mərkəzin təsisçisi Raul Əliyev 8 Noyabr zəfərinin Azərbaycan tarixi üçün əhəmiyyətini vurğulayaraq Gürcüstanın da ərazi bütövlüyünün bərpa olunmasını arzulayıb.
Sonda Qardabani ziyalıları, iş adamları və qonaqlar tarixi qələbə sevincini yaşadan orduya minnətdarlıq ediblər. Tədbirdə ziyalılar, ictimaiyyət nümayəndələri, şagirdlər və müəllimlər iştirak ediblər.


