Bu gün Azərbaycan xalqı üçün xüsusi bir gündür – 8 noyabr, Zəfər Günü qeyd olunur. 2020-ci ildə İkinci Qarabağ Müharibəsində Azərbaycanın şanlı qələbəsi ilə yekunlaşan bu gün Vətən Müharibəsində şəhid olan qəhrəmanların xatirəsi və Azərbaycanın ərazi bütövlüyü uğrunda göstərilən şücaətlərə ehtiramla xatırlanır.
Azərbaycan Silahlı Qüvvələrinin müzəffər yürüşü nəticəsində 44 gün davam edən müharibə noyabrın 8-də Şuşa şəhərinin azad edilməsi ilə tarixi bir dönüş nöqtəsinə çatdı. Şuşanın azad edilməsi müharibənin taleyini dəyişdi və 10 noyabrda Ermənistan Azərbaycanın şərtlərini qəbul edərək kapitulyasiya aktına imza atmağa məcbur oldu. Bu qələbə təkcə Azərbaycan üçün deyil, bölgənin gələcək sülh və sabitliyi üçün də yeni ümidlər gətirdi.
Regionpress.ge-nin bildirdiyi kimi ,Zəfər Günü münasibətilə Azərbaycan xalqı şəhidlərimizi hörmətlə yad edir və qazilərimizə ehtiram göstərir. Prezident İlham Əliyevin təşəbbüsü ilə Zəfər Gününün hər il qeyd olunması qərarı Azərbaycan xalqının tarixi qələbəsini əbədiləşdirir və gənc nəsillərə vətənpərvərlik ruhu aşılayır.
8 noyabr – Zəfər Günü, müstəqilliyimizin və ərazi bütövlüyümüzün rəmzi olaraq tariximizə qızıl hərflərlə yazıldı və hər il qürurla qeyd olunacaqdır.


