“Gürcü xalqı yeganə, mübahisəsiz seçim etdi, o, sülhü və ölkənin inkişafını, parlaq Avropa gələcəyini seçdi”.
Regionpress.ge xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze oktyabrın 27-də keçirdiyi brifinqdə söyləyib.
Onun sözlərinə görə, 3100 məntəqədə (99,646 faiz) səslər sayılıb və ikin məlumatlara əsasən, “Gürcü arzusu” 54,09 faiz və ya 1 117 480 səs toplayıb. Dörd müxalifət birliyinə gəlincə, onlar ümumilikdə 37,6 faiz səs toplayıb.
Baş nazir deyib ki, hakim partiya 1,12 milyon səs toplayıb ki, bu da 2012-ci ildən bəri rekord göstəricidir.
Onun sözlərinə görə, ilkin məlumatların açıqlanmasından sonra müxalifət Mərkəzi Seçki Komissiyasının binası qarşısında toplaşmağa belə cəsarət etməyib ki, bu da “Gürcü arzusu”nun inamlı qələbəsindən xəbər verir.
Baş nazir parlamentin adi qaydada işə başlayacağını vurğulayıb.
“Həmişə olduğu kimi, parlamentin ilk iclası keçiriləcək, parlament işə başlayacaq, hökumət təsdiqlənəcək və ölkəmiz üçün proseslər həmişəki kimi davam edəcək”, – deyə, Kobaxidze bildirib.
Gürcüstanda ilk dəfə parlament seçkiləri yalnız proporsional sistem üzrə (partiya siyahıları əsasında) və geniş miqyasda elektron texnologiyalardan – səslərin yoxlanılması və hesablanması aparatlarından istifadə etməklə keçirilib.


