Gürcüstanda 600-ə yaxın kitab təhsil mərkəzlərinə hədiyyə edilib 11 iyul 2025-ci il tarixində Tbilisidəki Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyində Azərbaycan dilində kitabların bölgələrə paylanmasına həsr olunmuş maarifləndirici tədbir keçirilib.
Tədbirin açılışında muzeyin direktoru Leyla Əliyeva çıxış edərək təşəbbüsü yüksək qiymətləndirib, layihənin milli-mədəni irsin qorunmasına və gələcək nəsillərin maariflənməsinə töhfə verəcəyini vurğulayıb.
Daha sonra “Maarif” təşkilatının direktoru Aygül İsayeva layihə barədə ətraflı məlumat verib. O bildirib ki, Gürcüstandakı azərbaycanlı icmasının qarşılaşdığı əsas problemlərdən biri regionlarda Azərbaycan dilində kitabların azlığı və kitabxana infrastrukturunun zəifliyidir
Bu çətinlikləri qismən də olsa aradan qaldırmaq məqsədilə azərbaycanlıların yaşadığı bölgələrdəki təhsil mərkəzlərinə 600-ə yaxın kitab paylanacaq. Bu kitablar həm klassik və çağdaş Azərbaycan ədəbiyyatından, həm də dünya ədəbiyyatından tərcümə olunmuş nümunələrdən ibarətdir.“Bu sadəcə bir kitab paylama aksiyası deyil – bu, dilimizə, milli-mədəni dəyərlərimizə və kimliyimizə sahib çıxmaqdır. Layihəmiz gələcəkdə də davam edəcək”, – deyə Aygül İsayeva qeyd edib.
Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin əməkdaşı Cavid Məhərrəmov layihənin uşaqlar və gənclər üçün milli kimliyin formalaşması və ümumbəşəri dəyərlərlə tanışlıq baxımından önəmini vurğulayıb.
Tədbir Tbilisi, Rustavi, Marneuli, Bolnisi, Dmanisi, Qardabani, Saqareco və Laqodexi bölgələrində yerləşən təhsil mərkəzlərinin rəhbərlərinin çıxışları ilə davam edib.
Qeyd edək ki, layihə “Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Cəmiyyəti”nin maliyyə, “Maarif” təşkilatının isə təşkilati dəstəyi ilə həyata keçirilir.


