Bu gün Gürcüstanda 1+4 proqramı çərçivəsində vahid milli imtahanlarda minlərlə azərbaycanlı abituriyent iştirak edir. 2010-cu ildən etibarən ölkədə yaşayan etnik azlıqlar üçün dövlət dili ilə yanaşı, Azərbaycan dilində də imtahanlar keçirilir.
İmtahan verbal və riyazi hissələrdən ibarətdir və abituriyentlər ümumilikdə 80 suala cavab verirlər. Keçid balı hər il nəticələrə əsasən dəyişir. 1+4 proqramının əsas məqsədi etnik azlıqların ali təhsilə inteqrasiyası və gənclərin dövlət dilini öyrənməsini təşviq etməkdir.
Regionpress.ge xəbər verir ki, Qiymətləndirmə və İmtahanlar Milli Mərkəzinin məlumatına görə, 2025-ci ilin imtahan prosesi 3 iyulda başlayıb, ilk imtahan gürcü dili və ədəbiyyatı fənni üzrə keçirilib. Vahid milli imtahanlar 22 iyulda təsviri və tətbiqi incəsənət fənni ilə başa çatacaq.
Müəllimlik imtahanlarına qeydiyyatdan keçmiş şəxslər 8 iyuldan, tələbə qrant müsabiqəsinə qatılanlar isə 10 iyulda imtahan verəcəklər. Magistratura səviyyəsinə qəbul üçün ümumi imtahanlar isə 21 və 22 iyulda keçiriləcək, imtahan iştirakçıları buraxılış vərəqələrini 20 iyundan etibarən şəxsi qeydiyyat səhifələrindən çap edə biliblər.
Qeyd edək ki, İmtahan mərkəzləri Tbilisi, Batumi, Kutaisi, Poti, Rustavi, Telavi və digər şəhərlərdə təşkil olunub. Mərkəzlər müvafiq avadanlıqla təchiz edilir.Qeyd edək ki, bu il keçirilən imtahanlara ümumilikdə 80 minə yaxın şəxs qeydiyyatdan keçib.