Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və “Milli- mədəni irsimizin təbliği” layihəsi çərçivəsində Gürcüstanın nüfuzlu “Sakartvelos Respublika” qəzetində “Akademik Mədəd Çobanov: “ƏDƏBİ DİLİMİZ – XALQIMIZIN MİLLİ SƏRVƏTİDİR!” sərlövhəli məqalə dərc olunub.
Məqalədə görkəmli elm xadimi, məşhur Azərbaycan alimi, tanınmış dilçi-türkoloq, təcrübəli ali təhsil işçisi, zəhmətkeş tədqiqatçı, Nyu-York Elmlər Akademiyasının akademiki, uzun müddət Azərbaycan Ali HərbiDənizçilik Məktəbində "Dillər" kafedrasının müdiri və Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Ekspert Şurasının üzvü olmuş filologiya elmləri doktoru, professor Mədəd Namaz oğlu Çobanovun həyatı və elmi yaradığılığı haqqında gürcü ictimaiıyyətinə geniş məlumat verilir.
Dərgidə bidirilir ki, o, 1937-ci il aprelin 11-də qədim Borçalı mahalında, indiki Gürcüstanın Bolnisi rayonundakı Darbaz kəndində dünyaya göz açmışdır. Doğma kəndindəki orta məktəbi bitirdikdən sonra, 1955-1960-ci illərdə A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsində ali təhsil almışdır. Daha sonra o, Azərbaycan Elmlər Akademiyasının İ.Nəsimi adına Dilçilik İnstitutunun aspiranturasında qiyabi təhsil almışdır.
Professor Mədəd Çobanovun elmi irsi zəngin və çoxşaxəlidir. O, səksəndən çox kitabın, o cümlədən, on beş monoqrafiyanın, ondan çox dərslik və dərs vəsaitinin, altmışdan çox elmi əsərin müəllifidir ki, bunların arasında “Azərbaycan antroponimiyasının əsasları”, “Azərbaycan onomastikası”, “Borçalı toponimləri”, “Borçalı şivələrinin leksikası”, “Mətnin linqvistik təhlili”, “Pedaqoji məsələlər”, “Türk dillərinin ədəbi birliyinə doğru”, “Dədə Qorqud – Qəhrəmanlıq dastanı” kimi dəyərli əsərləri xüsusilə qeyd etmək lazımdır. Bu sanballı tədqiqatlar elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmiş, Azərbaycan dilçiliyi sahəsində yeni istiqamətlər formalaşdırmışdır.
Qeyd edək ki, professor Mədəd Çobanovun “Azərbaycan şəxs adları – Azərbaycan antroponimiyasının əsasları” mövzusundakı tədqiqat əsəri müxtəlif illərdə və ölkələrdə səkkiz dəfə çap olunmuşdur.
Alimin “Kitabi-Dədə Qorqud”un 1300 illik yubileyinə həsr olunmuş “Dədə Qorqud – Qəhrəmanlıq dastanı” kitabında dastanın yaranma tarixi, Qalın Oğuz elinin dövlətçilik ənənələri, hərb sənəti və döyüş taktikası, xəfiyyəçilik və casusluq təcrübəsi ətraflı şəkildə təhlil olunmuşdur. Kitabın “Borçalıda Dədə Qorqud izləri” adlanan hissəsində isə Borçalıda ulu babalarımızın məskunlaşması tarixi, Dədə Qorqud izləri, Dədə Qorqud dünyası ilə səsləşən hadisələr geniş şəkildə işıqlandırılmışdır.
Mədəd Çobanovun “Görkəmli strategiyaçı” kitabı isə xalqımızın ümummilli lideri Heydər Əliyevə həsr olunmuşdur.


