Bu gün ölkə parlamenti Prezident Salome Zurabişvilinin “xarici təsir” haqqında qanuna veto qoymasını səs çoxluğu ilə ləğv edib.
Regionpress.ge məlumat verir ki, qanunun lehinə 84, əleyhinə isə 4 deputat səs verib.
Parlamentin gərgin keçən iclasında insident də qeydə alınıb. “Gürcü arzusu”nun deputatı İrma Zavradaşvili “Strategiya Aqmaşenebeli” partiyasının sədri Giorgi Vaşadzenin üzərinə su töküb. Hadisə G.Vaşadze tribunada çıxış edərkən baş verib.
“Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi imzalanmaq üçün növbəti dəfə prezidentə göndəriləcək. Qanun üç gün ərzində prezidentə təqdim edilməlidir, onun imzalaması üçün beş gün vaxt verilir. Salome Zurabişvili müəyyən edilmiş müddətdə qanunu yenidən imzalamasa, o, 5 gün ərzində parlamentin sədri tərəfindən imzalanaraq dərc olunacaq.
Qanunun dərcindən sonra Ədliyyə Nazirliyi və Dövlət Reyestrinin Milli Agentliyi 60 gün müddətində “xarici qüvvələrin maraqlarını güdən təşkilatların” reyestrini yaratmalıdır. Reyestr aktivləşdirildikdən sonra gəlirlərinin 20%-dən çoxunu xaricdən alan bütün qeyri-hökumət və media təşkilatları üçün orada qeydiyyat məcburi olur.


