Regionpress.ge BM.ge-yə istinadla xəbər verir ki, pərakəndə ticarət sektorunda yeniyetmələr tərəfindən törədilən oğurluq və bəzən zorakılıq halları ciddi problemə çevrilib
“Riteyl Assosiasiyası”nın icraçı direktoru Sofo Qaşakaşvilinin sözlərinə görə, bu səbəbdən sektor hər il əhəmiyyətli dərəcədə zərərə uğrayır.Onun verdiyi məlumata əsasən, ötən il qeydə alınan maddi zərər 20 milyon lariyə çatıb.“Bu yalnız maliyyə itkisi deyil. Bir müddət əvvəl televiziyada da gördük ki, böyük şəbəkələrdən birində zorakılıq faktı baş verdi və hətta mağaza əməkdaşları xəstəxanaya düşdü
Bildiyimə görə, mövcud məsələ ilə bağlı qanunvericilik dəyişiklikləri artıq birinci oxunuşdan keçib və yaxın zamanda yenilənmiş qaydaları gözləyirik. Ümid edirik ki, bu dəyişikliklər problemi müəyyən qədər tənzimləyəcək. Bu, yalnız pərakəndə sektorunun problemi deyil – istənilən sahədən soruşsanız, hamı eyni problemi qeyd edəcək”, – deyə Sofo Qaşakaşvili bildirib
Məsələyə gəlincə – mağazalarda təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və mühafizə əməkdaşlarının sayının artırılması planlaşdırılırmı? Assosiasiya rəhbəri qeyd edib ki, bu addım həm bahalıdır, həm də effektiv nəticə vermir.“Bir çox hallarda mühafizəçi olsa belə, hücum baş verə bilir
Mühafizəçinin silah gəzdirməyə və kəskin inzibati tədbir görməyə ixtiyarı yoxdur. Onlara qarşı da mağaza əməkdaşları kimi zorakılıq göstərilir.Kadr çatışmazlığı və təhlükəsizlik problemlərinin ən kəskin olduğu bəzi ərazilərdə isə 24 saat fəaliyyət göstərən mağazalar artıq bağlanıb. Pərakəndəçilər problemin həlli üçün hazırda ən çox bu addıma əl atırlar”, – deyə o əlavə edib
Hazırda parlamentdə “Gürcü Arzusu” tərəfindən hazırlanan qanun dəyişikliyi müzakirə olunur. Layihəyə əsasən, 14 yaşınadək olan və cinayət törədən yeniyetmələr üçün xüsusi hüquqi baza yaradılacaq. Cinayət törədən azyaşlılar üçün reabilitasiya mərkəzinin təsis edilməsi də nəzərdə tutulur
Qeyd edək ki, sənədə əsasən, “qanunla konfilkdə olan yeniyetmə” anlayışı belə izah olunur: prokurorun qərarı ilə qanunsuz əməl törətməsi təsdiqlənən, lakin həmin əməli törətdiyi ana qədər 14 yaşı tamamlanmamış şəxs.Mövzu ilə bağlı müzakirələr artıq davam edir.


