Bolnisi şəhərində Qafqaz Hüquq və İnteqrasiya Mərkəzində Gürcüstan Xalq Müdafiəçisi Aparatının əməkdaşlarının iştirakı ilə “Gürcüstanda uşaqların əmək hüquqları” mövzusunda maarifləndirici tədbir keçirilib
Regionpress.ge xəbər verir ki, tədbir mərkəzin təşəbbüsü və təşkilatçılığı ilə baş tutub. Görüşdə Ombudsman Aparatının əməkdaşları, valideynlər, ziyalılar və mərkəzin müdavimləri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Qafqaz Hüquq və İnteqrasiya Mərkəzinin icraçı direktoru Rezo Həsənov bildirib ki, bu kimi görüşlərin təşkili olduqca vacibdir. O qeyd edib ki, Gürcüstan qanunvericiliyində uşaq əməyinə dair bir sıra mühüm məhdudiyyətlər və qaydalar mövcuddur və cəmiyyətin bu barədə məlumatlandırılması xüsusi əhəmiyyət daşıyır Daha sonra Gürcüstan Xalq Müdafiəçisi Aparatının Uşaq Hüquqları Şöbəsinin rəhbəri Lika Qvinjiliya və Kvemo Kartli regional şöbəsinin əməkdaşı Murad Hüseynov çıxış ediblər.
Çıxışlarda ölkədə uşaq əməyinin mövcud vəziyyəti, 16 yaşadək və 16–18 yaş aralığında olan uşaqların əmək hüquqları, onların müxtəlif sahələrdə – idman, reklam və mədəni tədbirlərdə iştirakı ilə bağlı hüquqi normalar, eləcə də məktəblərdə uşaqlara münasibətdə davranış qaydaları barədə ətraflı məlumat verilib. Görüş zamanı uşaqların əmək təhlükəsizliyi, iqtisadi fəaliyyətlər, idman fəaliyyətləri, reklam fəaliyyətləri, mədəni (incəsənət) sahəsində iştirakı, o cümlədən şahmat yarışları, reklam fəaliyyətlərində uşaqların iştirakı üçün valideyn və ya qanuni nümayəndənin razılığının zəruriliyi kimi mövzulara xüsusi diqqət yetirilib.
Qeyd olunub ki, qanunvericiliyə əsasən: 16 yaşadək uşaqlar gündə maksimum 4 saat işləyə bilərlər (istirahət müddəti nəzərə alınmaqla) 16–18 yaş aralığında olan uşaqlar isə gündə 6 saatdan artıq işləyə bilməz və onların həftəlik iş saatı 36 saatı keçməməlidir.
Həmçinin tədbir çərçivəsində Ombudsman Aparatı tərəfindən hazırlanmış uşaq əməyinə dair bukletlər iştirakçılara və mərkəzin müdavimlərinə paylanıb. Tədbirin sonunda iştirakçılar mövzu ilə bağlı suallar ünvanlayıb, qarşılıqlı fikir mübadiləsi aparılıb.




