Tsitsamuri kəndi yaxınlığında Tbilisinin su təchizatı sisteminin mərkəzi magistral su kəmərlərindən birinin bərpasına başlanılması səbəbindən sabahdan içməli suyun verilişində məhdudiyyətlər olacaq.
Regionpress.ge bildirir ki, bu barədə Gürcüstanın Su və Enerji Təchizatı şirkəti (GWP) məlumat yayıb.
Qeyd edilib ki, sabah səhərdən suyun verilişi rejimlərində tənzimləmələr aparılacaq. Belə ki, gün ərzində minimum üç saat, maksimum isə yeddi saat su veriləcək.
“Bütün bunlar barədə müştərilərə ətraflı məlumat verəcəyik. Bu o demək deyil ki, biz insanları tamamilə susuz qoyacağıq. Təmir işlərinə sabahdan başlayacağıq və ən qısa zamanda tamamlanacaq”,- deyə GWP nümayəndəsi Qiqa Nadiradze bildirib.
Bərpa işlərinin nə qədər davam edəcəyi hələlik məlum deyil.
Xatırladaq ki, iyunun 16-da Tsitsamuri kəndi yaxınlığında Tbilisinin su təchizatı sisteminin mərkəzi magistral su borularından biri təsadüfən sıradan çıxıb. Su kəməri Tbilisinin Vake-Saburtalo və Qldani rayonlarının bir hissəsi olan Mtsxeta şəhərini içməli su ilə təmin edir. “Gürcüstan Water and Power” şirkətindən verilən məlumata görə, kəmərin zədələnmiş hissəsi çətin əldə edilən relyefdə yerləşir və bu səbəbdən işlərin planlaşdırılması üçün əlavə xüsusi texnikanın səfərbər edilməsi lazım gəlib.


