Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın futbol yığmasını Avropa çempionatının qrup mərhələsində qazandığı uğurlar münasibətilə təbrik edib.
Regionpress.ge məlumat verir ki, Ceyhun Bayramovun gürcüstanlı həmkarı İliya Darçiaşvili ilə görüşdən sonra keçirdiyi birgə brifinqdə qeyd etdiyi kimi , bu, Gürcüstan millisinin tarixi nailiyyətlərindən biridir.
“Mən və həmkarlarım üçün Gürcüstanda olmaq həmişə xoşdur, lakin düşünürəm ki, səfərimiz çox vacib bir zamana təsadüf edir və bu, bu günlərdə səfərimizi daha da cəlbedici edir. Gürcüstan millisinin tarixi uğurlarını gördük. Tarixi qələbə ondan ibarət idi ki, Gürcüstan yığması ilk dəfədir Avropa çempionatında çıxış edir və bu gün Gürcüstan millisi növbəti mərhələyə keçəndə qeyri-adi nəticəni gördük. Çox gözəl oyun gördük. Bu gün mən Tbilisiyə gələndə hava limanından şəhərə qədər hər yerdə bu ab-hava hiss olunurdu. Sizi və bütün gürcü xalqını təbrik etmək istəyirəm”, – deyə Bayramov bildirib.
Məlumat üçün bildirək ki, Avropa çempionatının qrup mərhələsinin üçüncü oyununda Gürcüstan tarixi qələbə qazanaraq Portuqaliya yığmasını 2:0 hesabı ilə məğlub edərək 1/8 finala vəsiqə qazanıb. Oyunun ilk qolunu matçın başlamasından sonra ikinci dəqiqədə Xviça Kvaratsxeliya, ikinci qolu isə ikinci hissədə Giorgi Mikoutadze penalti ilə vurub. İyunun 30-da Gürcüstan 1/8 finalda İspaniya ilə qarşılaşacaq.


