Qabal kəndində fəaliyyət göstərən “Qabal İnkişaf Mərkəzi”ndə “Qabalın tarixi və mədəni irsi” mövzusunda görüş keçirilib.
Regionpress.ge məlumat verir ki, görüşdə müəllim heyəti, fəallar, məktəb şagirdləri, kəndin görkəmli ictimai-siyasi xadimləri, şair və yazıçıları iştirak edib.
Mərkəzin direktoru Yavər Məmmədov kəndin tanınmış ziyalıları ilə Azərbaycan xalqı, Azərbaycan ədəbiyyatı, Azərbaycan mədəniyyəti və s. barədə söhbətlərin, fikir mübadiləsinin aparılmasını uşaqlarınmaarifləndirilməsində önəmli rol oynadığını nəzərə çatdırıb:
“Bir sözlə, yeniyetmə və gənclərin milli köklərimizə bağlılıq, vətənpərvərlik, xalqına sədaqət ruhunda tərbiyə olunması qarşımızda duran ən ümdə vəzifələrdəndir”.
Görüşdə Gürcüstanda yaşayıb-yaradan dəyərli ziyalılarımızdan olan tanınmış şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü Yunis Novruz uşaqlara Qabal kəndinin yaranma tarixi, Azərbaycan və gürcü xalqlarının tarixi dostluq münasibətlərindən söhbət açıb. O, “Qabal İnkişaf Mərkəzi”nin öz fəaliyyətə dövründə yerli azərbaycanlı icmasının gürcü ictimaiyyətinə daha sürətlə inteqrasiya olunmasında müstəsna rol oynamasına əminliyini ifadə edib.
Natiqlər Ulu Öndər Heydər Əliyevin Gürcüstanla əlaqələrə necə böyük önəm verdiyini söyləyiblər. Ümummilli Lider iki ölkənin xalqları arasında əlaqələri belə xarakterizə etmişdi:
“Azərbaycan və gürcü xalqları xoşbəxtdirlər ki, onlar qonşu xalqlardır. Bizim əcdadlarımız həmin təmasları yaradıb və bu gün bizim vəzifəmiz odur ki, həmin əməkdaşlığı irəli aparaq və gələcək nəsillərə ötürək”.
Çıxış edənlər Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstan ilə əlaqələrə çox böyük önəm verdiyini qeyd ediblər . Bunun nəticəsidir ki, ölkələrimiz arasındakı münasibətlər yüksək səviyyədədir. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində münasibətlərimizin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğulayıblar.
Tarixçi Bəkir Kosayev Gürcüstanın Cənubi Qafqaz regionunda ənənəvi olaraq Azərbaycanın ən yaxın müttəfiqi olduğunu qeyd edib:
“Əsrlər boyu bizim xalqlarımız mehriban qonşuluq və dostluq şəraitində yaşamışdır, bu gün də bu belədir. Bu, həm ölkələrimiz üçün vacibdir, eyni zamanda bütün Cənubi Qafqaz üçün çox vacib olan bir şərtdir”.
Qabal uşaq bağçasının direktoru Tamilla Vəliyeva qeyd edib ki, SOCAR Gürcüstanda fəaliyyətə başladığı ilk gündən sosial layihələr həyata keçirir:
“SOCAR məktəb, idman kompleksləri, uşaq bağçaları tikib, istifadəyə verib. Laqodexinin 17 min əhalisi olan Qabalı kəndində uşaq bağçasını istifadəyə verib. Binanın layihəsi Gürcüstan ərazisində müəyyənləşdirilmiş tikinti standartlarına və tələblərinə uyğundur. Bağçada müasir tipli oyun meydançası inşa edilib, bütün ərazi boyunca işıqlandırma sistemi qurulub, abadlaşdırma işləri aparılıb. Fürsətdən istifadə edib Azərbaycan Prezidenti İlham Əliyevə Gürcüstanda yaşayan soydaşlarımıza göstərdiyi diqqət və qayğıya görə təşəkkürümüzü bildiririk”.
Görüşdə Qabal gənclərinə ölkələrimiz arasında humanitar sahədə də əməkdaşlığın yüksək səviyyədə olduğu bildirilib. Belə ki, Gürcüstanda Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən çoxsaylı layihələri xüsusi vurğulamaq lazımdır. Tbilisidə ümummilli lider Heydər Əliyevin adını daşıyan böyük küçə, park və abidə var. Eyni zamanda, Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrı, “ERA Teatrı” və yeni yaradılmış “Beez” Uşaq teatrı fəaliyyət göstərir. Azərbaycanın böyük mütəfəkkir yazıçıları M.F.Axundovun, C.Məmmədquluzadənin və N.Nərimanovun ev-muzeyləri də mövcuddur.



