Bu gün Marneuli Magistr Məhkəməsində Marneuli bələdiyyə məclisinin sədr müavini Rövşən İsgəndərov və əmisi oğlu Etibar İsgəndərovun məhkəməsi keçirilib.
Regionpress.ge xəbər verir ki, vəkil Rövşən İskəndərov və Etibar İsgəndərov üçün hər birinə 50 min lari məbləğində girov təklif etsə də, hakim Qvança Çhikovani bu vəsatəti təmin etməyib və onların barəsində həbs qəti imkan tədbiri qərarı verib.
Marneuli Prokurorluğunun nümayəndəsi Tornike Kapanadze məhkəmədən öncə jurnalistlərə açıqlamasında bildirib ki, məhkəmənin prokurorluğun vəsatətini təmin edəcək kifayət qədər sübutları var və buna görə İsgəndərov istintaq müddətində həbsdə saxlanmalıdır.
Rövşən İskəndərov və Etibar İsgəndərov məhkəmədə özlərini günahsız hesab etdiklərini ifadə ediblər.
Rövşən İskəndərov hakim qarşısında ifadə verərkən deyib ki, yayılan video görüntülər montajdır. O, baş verənlərə görə müxalif “Vahid Milli Hərəkat” partiyasını ittiham edib.
“Ümüd edirəm bura ‘Milli Hərəkat’ məhkəməsi deyil də, ədalət məhkəməsidir. Göydə Allaha yerdə sizə güvənirəm hörmətli hakim” , – deyə Rövşən İskəndərov hakimə müraciət edib.
Hakim növbəti məhkəmənin 25 dekabr Bolnisi Rayon Məhkəməsində keçiriləcəyini bildirib.


