Nüfuzlu insan haqları təşkilatı “Human Rights Watch” (HRW) bildirir ki, “müəyyən qeyri-hökumət qrupları və media qurumlarını “xarici gücün maraqlarını daşıyan təşkilatlar” kimi qeydiyyatdan keçməyə məcbur edən qanun layihəsi ölkədə fundamental hüquqlara təhlükə yaradır.” Təşkilat hesab edir ki, “Parlament qanun layihəsini sonuncu oxunuşda ləğv etməlidir. Hökumət sərbəst toplaşmaq və ifadə azadlığının əsas hüquqlarını, polisin həddindən artıq güc tətbiq etdiyi iddia edilən bütün halların effektiv araşdırılmasını təmin etməlidir”.
HRW-nin bəyanatında deyilir ki, “qanun layihəsi Gürcüstanın Avropa İnsan Hüquqları Konvensiyasına, Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Konvensiyaya qoşulmaqla üzərinə götürdüyü qanunvericilik öhdəliklərinə uyğun gəlmir”. Beynəlxalq hüquqa görə, ifadə və toplaşmaq azadlıqlarına müəyyən məhdudiyyətlərə icazə verilir, lakin bu qanun layihəsi həmin hüquqlara hər hansı qanuni müdaxilədən çox kənara çıxır”.
Təşkilatın Avropa və Mərkəzi Asiya üzrə direktoru Hyu Uilyamsonun sözlərinə görə, “xarici təsir haqqında qanun layihəsi fundamental hüquqları pozur və Gürcüstan hökuməti onu geri götürməlidir. Onlar polis zorakılığı ilə bağlı iddiaları tez və effektiv şəkildə araşdırmalı və dinc toplaşmaq və ifadə hüquqlarını qorumalıdırlar”.


