Bolnisi rayonunda “Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi”nin təşəbbüsü və təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş anım tədbiri baş tutub.
Regionpress.ge xəbər verir ki, tədbir çərçivəsində ilk olaraq Bolnisi rayonunun Faxralı kəndindən olan 20 Yanvar şəhidi İlqar Əhmədovun məzarı ziyarət edilib. Mərkəzin rəhbərliyi və üzvləri şəhidin məzarı üzərinə qərənfillər düzüb və onun xatirəsini ehtiramla yad ediblər. Arif Əliyev adına Faxralı ictimai məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi Fatma Əliyeva çıxışında şəhid İlqar Əhmədovun məktəb illərində çalışqan və vətənpərvər bir gənc olduğunu qeyd edib. O, 20 Yanvar gecəsində İlqar Əhmədovun Sovet tanklarının qarşısına çıxaraq vətən uğrunda mübarizə apardığını vurğulayıb.
Daha sonra “Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi”ndə ziyalıların, gənclərin və mərkəzin üzvlərinin iştirakı ilə anım tədbiri keçirilib. Tədbir şəhidlərin və faciə qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbirin giriş sözünü mərkəzin icraçı direktoru Rezo Həsənov söyləyərək, 20 Yanvar hadisələrinin tarixi əhəmiyyətini iştirakçılara çatdırıb.
Çıxış edənlər arasında Kəpənəkçi kənd 2 saylı ictimai məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Çingizxan Yaqubov, mərkəzin ingilis dili müəllimi Rəksanə Şıxıyeva, hüquqşünas Əmrah İbrahimov və mərkəzin koordinatoru Şəhla İsmayılova yer alıb. Onlar faciədə həlak olanların ailələrinə başsağlığı verərək, şəhidlərin əziz xatirəsini anıblar.
Tədbirin sonunda mərkəzin üzvləri tərəfindən hazırlanmış çıxışlar və 20 Yanvar hadisələrinə həsr olunmuş şeirlər səsləndirilib.
Qeyd edək ki, 1990-cı ilin 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə Bakıya və Azərbaycanın bir neçə rayonuna qoşun yeridilib. Dinc əhaliyə qarşı ağır texnikadan və müxtəlif silahlardan istifadə edilərək kütləvi qətllər törədilib. 20 Yanvar Azərbaycan tarixində azadlıq uğrunda mübarizənin simvolu kimi qürurla anılır.


