Gürcüstana yağan güclü leysan ilə əlaqədar Fövqəladə Halların İdarə Edilməsi Xidmətinin yanğınsöndürənləri və xilasediciləri müvafiq texnika və üzən maşınlarla respublikanın müxtəlif bölgələrinə səfərbər olunub və fasiləsiz olaraq xilasetmə əməliyyatları həyata keçirirlər.
Regionpress.ge bildirir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, xilasetmə əməliyyatlarında sərhəd polisinin helikopteri də iştirak edir.
Bəyanatda deyilir: “Güclü yağışlar nəticəsində Marneuli bələdiyyəsində yaşayış evləri və müxtəlif obyektlər su altında qalıb. Çayın daşması nəticəsində vətəndaşların olduğu Qırmızı körpünün yaxınlığında yerləşən iaşə obyektlərindən birini su basıb. Dərhal görülmüş xilasetmə tədbirləri nəticəsində xilasedicilər onların hamısını təhlükəsiz əraziyə çıxarıblar. Xilasetmə əməliyyatına Sərhəd Polisinin helikopteri cəlb olunub. Bolnisi bələdiyyəsinin Naxiduri kəndində Ktsia çayında adada köməksiz qalan vətəndaş sərhəd polisinin helikopteri və xüsusi vəziyyətə cavabdehlik qrupu tərəfindən təhlükəsiz yerə aparılıb”.
Aysel Ömərova


