İyunun 28-də Tbilisidə yerləşən “Courtyard Marriott” hotelində Gürcüstanda fəaliyyət göstərən azərbaycandilli məktəblərin müəllimlərinin II Qurultayı keçirilib.
Regionpress.ge xəbər portalı məlumat verir ki, qurultay “Maarif” təşkilatının təşkilatçılığı ilə baş tutub. Qurultayda ilk tədbirdən ötən müddətdə görülən işlər, əldə edilən nəticələr və qarşıdakı hədəflər müzakirə olunub.
Qurultaya rəhbərlik edən, “Maarif” təşkilatının direktoru, iqtisadiyyat üzrə fəlsəfə doktoru Aygül İsayeva açılış nitqində qurultay iştirakçılarını salamlayaraq deyib:
“Gürcüstanda azərbaycandilli məktəblərin müəllimlərinin ilk qurultayı 1925-ci ildə keçirilib. 2023-cü ildə isə müstəqil Gürcüstan tarixində ilk dəfə bu təşəbbüs Gürcüstan azərbaycanlıları tərəfindən həyata keçirildi. Bəli, siz Gürcüstan azərbaycanlıları fəxr edə bilərsiniz ki, müstəqil Gürcüstanın tarixini şərəflə yazır, ilklərə imza atır və silinməz iz buraxırsınız.”O, çıxışında azərbaycandilli məktəblərdə tədrisin mövcud durumu, ikidilli təhsil sisteminin təkmilləşdirilməsi və müəllimlərin peşəkar inkişafı istiqamətində atılmış addımlar barədə ətraflı məlumat verib. Bildirib ki, 2023-cü ildən sonra bir sıra problemlərin həlli istiqamətində mühüm uğurlar əldə olunub.
Tədbirdə Azərbaycanın Gürcüstandakı səfirliyinin nümayəndəsi Cavid Məhərrəmov çıxış edərək bildirib ki, bu cür tədbirlər təhsilin inkişafına və gənclərin gələcəyinə töhfə verir. Diplomat qeyd edib ki, Azərbaycan dövləti Gürcüstandakı soydaşlarımızın təhsilinə dəstək məqsədilə hər il təxminən 3 milyon ABŞ dolları məbləğində maliyyə yardımı ayırır.
Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdirinin müavini Şəfəq Binnətova çıxışında Azərbaycan-Gürcüstan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsində olduğunu, bu çərçivədə soydaşlarımız üçün həyata keçirilən layihələrin əhəmiyyətini geniş şəkildə vurğulayıb.Həmçinin o qeyd edib ki, Gürcüstanda azərbaycanlıların sıx məskunlaşdığı rayon və kəndlərdə Diaspor Komitəsinin dəstəyi ilə müxtəlif təhsil layihələri həyata keçirilir
Qurultay çərçivəsində bir neçə panel müzakirəsi də keçirilib;
Birinci paneldə Qafqaz Hüquq və İnteqrasiya Mərkəzinin ingilis dili müəllimi və ADA Universitetinin magistr məzunu Rəksanə Şıxıyeva ADA Universitetində apardığı tədqiqatlara əsaslanaraq “İkidilli (bilingval) təhsil sisteminin effektivliyi” mövzusunda təqdimatla çıxış edib. Aygül İsayeva isə “Ana dilinin mənimsənilməsinə təsir edən amillər, Azərbaycan dili ilə bağlı problemlər və onların həlli yolları” mövzusunda əhatəli çıxış edib.Tədbirdə çıxış edən Azərbaycan dili müəllimi Fatma Əliyeva hər iki təqdimatı dəyərləndirərək onların aktual və praktik əhəmiyyətini xüsusi vurğulayıb, fikir və tövsiyələrini bölüşüb.
İkinci paneldə isə ADA Universitetinin magistr məzunları azərbaycandilli məktəblərdə informasiya-kommunikasiya texnologiyalarının tədrisə inteqrasiyası mövzusunda təqdimatla çıxış ediblər
Üçüncü paneldə isə qurultayın təşkilat komitəsinin üzvü Fariz Bayramov məktəblərdə mövcud infrastruktur problemləri və onların həlli yolları ətrafında təqdimatla çıxış edib
Qurultayda çıxış edən digər rəsmi şəxslər – Gürcüstan parlamentinin Təhsil, Elm və Gənclərlə İş üzrə Komitəsinin nümayəndəsi Elene Vekua, Gürcüstan Müəllimlər Evinin və Qeyri-gürcüdilli Məktəblərə Dəstək Proqramının meneceri Nino Berikaşvili, Gürcüstan Beynəlxalq “Maarif” Məktəblərinin Marneuli məktəbinin direktoru Murat Kördemir tədbirin əhəmiyyətini vurğulayaraq uğurlar arzulayıblar.
Qurultay iştirakçıları bu cür tədbirlərin müəllimlər üçün təcrübə mübadiləsi,problemlərin müzakirəsi və Azərbaycan dilində təhsilin davamlı inkişafı baxımından böyük önəm daşıdığını bildiriblər.Qurultay Gürcüstanda azərbaycandilli məktəblərdə tədrisin keyfiyyətinin artırılması, müəllimlərin peşə hazırlığının dəstəklənməsi və ana dilində təhsilin inkişafı istiqamətində önəmli qərarların qəbul olunması ilə başa çatıb


