Gürcüstanda fəaliyyət göstərən “Alyans” Gənclər Mərkəzinin təşkilatçılığı ilə “Vətən Müharibəsi Tarixi, Şəxsiyyət Faktoru” kitabının ingilis və ispan dillərində nəşrinin təqdimatı keçirilib. Tədbirdə mərkəzin müəllim və tələbələri, icma mərkəz rəhbərləri, həmçinin Gürcü ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbir öncəsi Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Regionpress.ge xəbər verir ki, təqdimatın açılışında çıxış edən “Alyans” Gənclər Mərkəzinin sədri Leyla Əmrahova kitabın əhəmiyyətindən bəhs edib. O, Vətən müharibəsindən qısa müddət keçməsinə baxmayaraq, artıq möhtəşəm Zəfərə həsr olunmuş kitablar və salnamələrin nəşr edildiyini vurğulayıb. Leyla Əmrahova, xüsusən “Vətən Müharibəsi Tarixi, Şəxsiyyət Faktoru” kitabının öz aktuallığı ilə fərqləndiyini qeyd edib və 44 günlük müharibədə insan faktorunun vacibliyini önə çəkib. Onun sözlərinə görə, Prezident İlham Əliyev müharibə zamanı hər bir əsgərə, hər bir zabitə nümunə olub və bu kitabda şəxsiyyət faktorunun rolu ətraflı şəkildə işıqlandırılıb.
Qeyd edək ki, “Vətən Müharibəsi Tarixi, Şəxsiyyət Faktoru” kitabı müharibə tarixinin ilk ümumiləşdirilmiş cəhdlərindən biri olaraq, 44 günlük müharibənin bütün mərhələlərini əhatə edir. Kitaba tarixçilər, hərbçilər, Milli Məclisin deputatları və tanınmış jurnalistlərin yazıları daxil edilib. Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən 6 dildə nəşr olunan kitabın ingilis və ispan dillərindəki nəşri Gürcüstan oxucularına təqdim edilib.


