Gənc Mühasiblər İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə Gürcüstanın paytaxtı Tbilisidə Gənc Sahibkarların “Yaşıl İqtisadiyyat” Platforması layihəsi çərçivəsində ilk beynəlxalq forum təşkil edib.
Regionpress.ge xəbər verir ki, forumun əsas məqsədi yaşıl iqtisadiyyat və ekoloji sahibkarlığın gənclər arasında təbliği, biznes təşəbbüslərinin inkişafı, ekoloji problemlərin həllinə dəstək və bu istiqamətdə vahid platforma formalaşdırmaqdır.
Tədbirdə Azərbaycan və Gürcüstandan dövlət nümayəndələri, eko-sahibkarlar və müxtəlif qurumların təmsilçiləri iştirak ediblər. Forumun açılışı zamanı Azərbaycan və Gürcüstan dövlət himnləri səsləndirilib, GMİB-in sədri Solmaz Əliyeva layihənin məqsədləri barədə danışıb. Azərbaycan Prezidenti İlham Əliyevin COP 29 tədbirindəki çıxışının video yazısı təqdim olunub.
Panel müzakirələrində Amin Məmmədov (Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi), Rezo Həsənov (Tbilisi Gənclər və Təhsil Sahəsi), Aygül İsayeva (SOCAR Georgia), Ana Kukhaleishvili (CSR konsultantı) kimi spikerlər yaşıl iqtisadiyyatın əsas prinsipləri və inkişaf perspektivləri mövzusunda çıxış ediblər.
Forum çərçivəsində yeni yaradılmış “Yaşıl İqtisadiyyat” Platformasının rəsmi saytı təqdim edilib. Bu sayt beynəlxalq təcrübə mübadiləsi, problemlərin müzakirəsi və yaşıl iqtisadiyyatın təşviqi məqsədini daşıyır.
Tədbir iştirakçıları Heydər Əliyev parkında ümummilli liderin büstünü də ziyarət ediblər. Forum Peşəkar Maliyyəçilər Assosiyasiyası və Qafqaz Hüquq və İnteqrasiya Mərkəzinin təşkilati dəstəyi ilə keçirilib.





