Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və layihələri çərçivəsində Laqodexi rayonunun Qabal kəndindəki “Qabal İnkişaf Mərkəzi” və “Qabal Ədliyyə Evi”ndə görkəmli gürcü yazıçısı və ictimai xadimi İlya Çavçavadzeyə həsr olunmuş dəyirmi masa təşkil edilib. Tədbirdə azərbaycanlı və gürcü ziyalıları, gənclər və məktəblilər iştirak edib.
Regionpress.ge xəbər verir ki, tədbiri açan mərkəzin direktoru Yavər Məmmədov bildirib ki, bu cür tədbirlər iki xalq arasında mədəni əlaqələri gücləndirir və Azərbaycan-Gürcüstan mədəni dialoqunu təşviq edir. Çıxışında Çavçavadzenin azərbaycanlılara böyük rəğbəti və “İveriya” qəzetində Azərbaycan maarifçilərinin irsinə verdiyi önəmi qeyd edib.
Mərkəzin gürcü dili müəllimi Telli Qiyasova Çavçavadzenin həyat və yaradıcılığı haqqında geniş məlumat verib, gənclərin Gürcüstan ədəbiyyatını öyrənməsinin əhəmiyyətini vurğulayıb. Digər çıxışçılar isə Çavçavadzenin demokratik ideyalarının aktuallığını xüsusi qeyd ediblər.
Tədbir iştirakçıları iki xalq arasında əməkdaşlığın inkişafına töhfə verəcək belə görüşlərin davamlı olmasını arzulayıblar.


