Dekabrın 9-da “Azərbaycan Evi”nin təşəbbüsü və Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə Ümummilli Lider Heydər Əliyevin vəfatının 21-ci ildönümünə həsr olunan “Dahiliyin Heydər Əliyev Zirvəsi” adlı fotosərgi və tədbir keçirildi.
Regionpress.ge xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndələri, Gürcüstan Parlamentinin deputatı Zaur Darğallı, Marneuli meriyasının rəsmiləri, Türkiyənin “Maarif” məktəblərinin Gürcüstan nümayəndəliyinin rəhbərləri və digər tanınmış şəxslər iştirak etdilər.
İştirakçılar əvvəlcə Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotosərgi ilə tanış oldular. Tədbir Ulu Öndərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. “Azərbaycan Evi”nin direktoru Məhəbbət İmanov çıxış edərək Heydər Əliyevin Azərbaycanın müstəqilliyinə, dirçəlişinə və tərəqqisinə həsr etdiyi şərəfli ömür yolundan bəhs etdi. O vurğuladı ki, Gürcüstanda yaşayan azərbaycanlılar Ulu Öndərin diqqət və qayğısını hər zaman hiss ediblər.
Gürcüstan Parlamentinin deputatı Zaur Darğallı iki ölkə arasında dostluq münasibətlərinin Heydər Əliyev və Eduard Şevardnadze tərəfindən qoyulduğunu, bu gün isə həmin əlaqələrin strateji müttəfiqliyə çevrildiyini qeyd etdi. Digər çıxışçılar Heydər Əliyevin mirasının, onun müdrik siyasətinin və Azərbaycan Prezidenti İlham Əliyevin bu siyasəti uğurla davam etdirməsinin əhəmiyyətini vurğuladılar.
Qeyd edək ki, tədbir ehsan süfrəsi ilə sona çatdı.


