Rustavi Şəhər Məhkəməsi prokurorluğun təqdim etdiyi sübutları nəzərə alaraq, təqsirləndirilən şəxsi xüsusi amansızlıqla və tamah məqsədilə qrup şəklində törədilmiş taksi sürücüsünün qəsdən öldürülməsində günahkar bilib və ona 20 il həbs cəzası təyin edib.
Regionpress.ge xəbər verir ki, bu barədə Prokurorluğun mətbuat xidməti məlumat yayıb.İstintaq müəyyən edib ki, 2023-cü il mayın 20-də Tetritskaro rayonunun Marabda kəndində təqsirləndirilən şəxs iki şəriki, o cümlədən yetkinlik yaşına çatmayan bir nəfərlə birlikdə avtomobili ələ keçirmək məqsədilə taksi sürücüsünün baş nahiyəsinə çoxsaylı zərbələr endirib və onu kəndirlə boğaraq öldürüb.
İzləri itirmək üçün öldürülənin cəsədini Marneuli rayonunun Kirixlo kəndinə apararaq orada basdırıblar və daha sonra qurbanın avtomobilini özlərinə götürüblər.
Bundan əvvəl məhkəmə iki təqsirləndirilən şəxsi, o cümlədən yetkinlik yaşına çatmayan bir nəfəri, sözügedən cinayət işi üzrə günahkar bilib və onlardan birini 20 il, yetkinlik yaşına çatmayan şəxsi isə 12 il azadlıqdan məhrumetmə cəzasına məhkum edib.


