Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Gürcüstandakı nümayəndəliyinin rəhbəri Tuba Özütok Bolnisidə fəaliyyət göstərən “Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi”ni ziyarət edib.
Türkiyəli nümayəndə mərkəzdə bir qrup gənclərlə görüşüb. Görüşdə gəncləri narahat edən mövzular, gənclərin dövlət dilinə maraqları müzakirə edilib və onların təklifləri dinlənilib.
Tuba Özütok TİKA olaraq gənclərə gürcü dilinin öyrənilməsi və Gürcüstan cəmiyyətinə inteqrasiyası ilə bağlı dəstək göstərməyə hazır olduqlarını vurğulayıb.
“Biz regionlarda fəaliyyət göstərən icmaların fəaliyyətini yüksək dəyərləndiririk. Gələcəkdə mərkəzlərlə qarşılıqlı əməkdaşlıq edərək birlikdə işləməkdən məmnunluğumuzu ifadə edirik”,-deyə Tuba Özütok bildirib.
Nümayəndələr həmçinin Bolnisinin Aşağı Güləver kəndində fəaliyyətə başlaması nəzərdə tutulan mərkəzin hazırlıq işləri ilə də tanış olublar.
Qeyd edək ki, sonda qonağa “Xarı bülbül” maketi hədiyyə edilib.


