Paytaxtın bir hissəsinə içməli su artıq 8 gündür ki, qrafikə uyğun olaraq verilir.
GWP su təchizatı şirkətinin rəhbərliyindən Regionpress.ge-yə verilən məlumata görə, Tsitsamuri kəndi yaxınlığındakı mərkəzi magistral su kəmərində yaranmış zədənin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Bildirilib ki, işlərin 3 günə başa çatdırılması planlaşdırılır.
Xatırladaq ki, iyunun 16-da Tsitsamuri kəndi yaxınlığında Tbilisinin su təchizatı sisteminin mərkəzi magistral su borularından biri təsadüfən sıradan çıxıb. Bu boru Mtsxeta şəhərini, Tbilisi Vake-Saburtalo və Qldani rayonlarının bir hissəsini içməli su ilə təmin edir. Nəticədə 63 mindən çox abonentə qrafikə uyğun su verilir.

Tsitsamuri kəndi yaxınlığında magistral su kəmərinin zədələnməsi ilə bağlı Cinayət Məcəlləsinin 188 və 306-cı maddələri ilə ehtiyatsızlıqdan obyekti zədələmə və ya məhv etmə, qanunsuz hərəkətlə ətraf mühitə külli miqdarda ziyan vurma maddəsi ilə istintaq başlanılıb.


