15.5 C
Bolnisi
16.8 C
Rustavi
16.4 C
Marneuli
17.1 C
Gardabani
Bazar, Aprel 19, 2026
HomeRegion"Qanlı Bənövşə" anım tədbiri keçirildi

“Qanlı Bənövşə” anım tədbiri keçirildi

24 fevral tarixində “Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi”ndə Xocalı Soyqırımının 33-cü ildönümünə həsr olunmuş “Qanlı Bənövşə” adlı anım tədbiri keçirilib.

Tədbir Xocalı faciəsində və Azərbaycanla Gürcüstanın ərazi bütövlüyü uğrunda həlak olanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra mərkəzin icraçı direktoru Rezo Həsənov tədbir iştirakçılarını, qonaqları, ziyalıları və gəncləri salamlayaraq çıxış edib. O, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilən soyqırımı barədə danışaraq bildirib ki, bu qanlı hadisə nəticəsində 613 nəfər Xocalı sakini qətlə yetirilib, 1275 nəfər əsir götürülüb, 487 nəfər isə ağır yaralanıb.

Tədbirdə çıxış edən digər ziyalılar da Xocalı faciəsinin insanlığa və bir xalqa qarşı törədilmiş ağır cinayət olduğunu vurğulayıblar. Çıxış edənlər arasında “Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi”nin Azərbaycan dili və ədəbiyyat müəllimi Fatma Əliyeva, sabiq deputat və ziyalı Ramiz Bəkirov, Kəpənəkçi ictimai məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi Çingiz Yaqubov, İmirhəsən İcma Mərkəzinin Azərbaycan dili müəllimi Leyla Nəbiyeva, həvəskar şair Xasməmməd Cəfərli və tarixçi Dilqəm Qoçulu olub. Onlar 2020-ci ildə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan azad etdiyini və bununla da şəhidlərin qisasının alındığını xüsusi olaraq qeyd ediblər.

Tədbir çərçivəsində mərkəzin dil kurslarında iştirak edən kursantlar müxtəlif təqdimatlar nümayiş etdirib, şeirlər səsləndiriblər. Eyni zamanda, Əli Səmədlinin “Qanlı Bənövşə” romanından kiçik bir hissə Şarabanı Nənəcanov, Tunar Nənəcanova və Xəyal Quliyev tərəfindən səhnələşdirilərək ifa edilib.

Anım tədbirində Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Şəfəq Binnətova və Azərbaycanın Gürcüstandakı səfirliyinin nümayəndəsi Röyal Paşayev də iştirak ediblər.

Tədbirin sonunda qonaqlar Dmanisidən olan rəssam Qəşəm Süleymanovun əl işləri ilə tanış olublar. Onun Xocalı qurbanlarının xatirəsinə həsr etdiyi rəsm əsərləri böyük maraqla qarşılanıb.

Sonda Xocalı qurbanlarının xatirəsi bir daha yad edilib, şəhidlərə Allahdan rəhmət, ailələrinə səbir, qazilərə şəfa dilənib.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments