Parlament “Agentlər haqqında qanun”u imzalanması üçün Gürcüstan prezidentinə göndərib.
Parlamentin İctimaiyyətlə Əlaqələr Xidmətini verilən məlumata görə, “xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi üçüncü, yekun səsvermədən sonra mayın 14-də prezidentə göndərilib.
Hələlik prezident administrasiyasından Salome Zurabişvilinin qanun layihəsini qəbul edib-etmədiyinə dair cavab yoxdur.
Məlum olduğu kimi, qanunun qüvvəyə minməsi üçün prezidentin imzası lazımdır. Salome Zurabişvili isə bu qanuna veto qoyacağını bildirib.
“Gürcü Arzusu” vetonu aradan qaldırmaq üçün resurslara malikdir.
Prezidentin parlament katibi Giorgi Msxiladze bu gün mediaya açıqlamasında prezidentin vetosunda dəqiq nə yazılacağını öncədən bildirməyi texniki və hüquqi baxımdan düzgün hesab etməyib:
“Dəqiq nə yazılacağını deyə bilmərəm, gözləməliyik. Bunun üçün iki həftə vaxt var. Amma mövcud etiraz mütləq davam etməlidir, bu qanunun indiki formada tətbiq mümkün deyil”. (AzadlıqRadiosu)


