Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev I Türk İnteqrasiya Olimpiadasında iştirak edərək 2 gümüş və 4 bürünc medal qazanan Gürcüstan vətəndaşı olan məktəblilərlə görüşüb.
Görüşdə səfir onları əldə etdikləri nailiyyət münasibətilə təbrik edib və gələcək təhsil həyatlarında uğurlar arzu edib. Gürcüstandakı azərbaycanlılarla bağlı məsələlərin hər zaman Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqətində olduğunu vurğulayıb.
Gürcüstandakı icma təşkilatları nəzdində fəaliyyət göstərən təhsil mərkəzlərinin gənc azərbaycanlıların təhsili ilə bağlı icra etdikləri layihələrin əhəmiyyəti barədə danışan Faiq Quliyev bu sahədə görülən işlərin yüksək qiymətləndirildiyini qeyd edib.
Tədbirdə Diaspora Komitəsi və “SOYDAŞ” İctimai Birliyinin dəstəyi təqdir olunub.
“Alyans” Gənclər Mərkəzinin sədri Leyla Əmrahova olimpiadanın önəmini qeyd edərək şagirdlərin qazanmış olduqları dostluq münasibətləri və təcrübələrindən danışıb.
Ümumilikdə 8 ölkədən olan 78 şagirdin qatıldığı olimpiadanın final turunda 56 iştirakçı müxtəlif medal və diplomlarla təltif edilib. Gürcüstanın Marneuli, Bolnisi, Qardabani, Dmanisi, Rustavi rayonlarından və Tbilisi şəhərindən olan ümumilikdə 6 məktəbli Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin, eləcə də “Soydaş” İctimai Birliyinin dəstəyi və “Alyans” Gənclər Mərkəzinin təşəbbüsü ilə sözügedən olimpiadaya qatılıblar.



