Bu gün, 18 sentyabr, Azərbaycanda Milli Musiqi Günü qeyd olunur. Bu bayram görkəmli bəstəkar, musiqişünas, pedaqoq, publisist, dramaturq, Azərbaycan professional musiqi sənətinin banisi Üzeyir Hacıbəyovun (1885-1948) doğum günü kimi tarixə düşüb. Onun “Leyli və Məcnun” operası Azərbaycanda və bütün müsəlman aləmində ilk klassik musiqi əsəri olmuşdur. İlk dəfə səhnədə 1908-ci ildə səslənmişdir.
Üzeyir Hacıbəyov Azərbaycanın himninin musiqisinin müəllifidir və onun canlı yumor və milli koloritlə zəngin olan parlaq musiqili komediyaları “Arşın mal alan” və “O olmasın, bu olsun” bu gün də aktuallığını itirmir. Bu əsərlər təkcə Azərbaycan deyil, həm də xarici rejissorlar tərəfindən dəfələrlə səhnəyə qoyulmuşdur.
Qeyd edək ki, Milli Musiqi Günü hər il ümummilli lider Heydər Əliyevin 18 sentyabr 1995-ci il tarixli fərmanı ilə ölkənin bütün bölgələrində qeyd olunur.


