Dekabrın 6-da ustad aşıq və sazbənd Bəfalı Adıgözəlovun 65 illik yubileyi qeyd edilib.
Regionpress.ge xəbər verir ki, tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin layihələri çərçivəsində fəaliyyət göstərən mərkəz və icma rəhbərləri iştirak edib.
«İnkişaf və Təhsil Mərkəzi» nin rəhbəri Emin Əhmədov B.Adıgözəlovun həyat və yaradıcılığı barədə məlumat verib, daha sonra sənədli film nümayiş olunub. Professor Mahmud Kamaloğlu aşığın Bolnisi rayonunun Dəllər kəndində doğulduğunu və uşaq yaşlarından aşıq sənətinə maraq göstərdiyini bildirib. İlk dərslərini ustad aşıq Əlidən alan B.Adıgözəlov həm sazda, həm də zurna-balabanda məharətlə ifa edib.
Tədbirdə səfir Faiq Quliyev Gürcüstandakı aşıqların Azərbaycan mədəniyyətinə töhfələrindən danışıb və dövlətin bu sahəyə göstərdiyi dəstəyi vurğulayıb. O, Aşıq Kamandarın ev-muzeyinin yaradılmasını qeyd edib.
Marneuli meri Kənan Ömərov və digər çıxışçılar B.Adıgözəlovun Azərbaycan mədəniyyətinin inkişafındakı rolunu yüksək qiymətləndiriblər. Aşıq və sazbəndlik sənətini inkişaf etdirdiyinə görə o, Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən medalla təltif edilib.
Tədbirdə ustad aşıqlar və Marneuli Aşıqlar Məktəbinin şagirdləri B.Adıgözəlovun şeirlərinə bəstələnmiş mahnılar ifa ediblər.


