11 C
Bolnisi
11.8 C
Rustavi
11.4 C
Marneuli
12.1 C
Gardabani
Çərşənbə axşamı, Aprel 21, 2026
HomeElm və TəhsilBolnisidə “Ana dilimiz – varlığımızdır!” mövzusunda II inşa yazı müsabiqəsinin ilk turu...

Bolnisidə “Ana dilimiz – varlığımızdır!” mövzusunda II inşa yazı müsabiqəsinin ilk turu keçirilib

Bolnisidə “Ana dilimiz – varlığımızdır!” mövzusunda II inşa yazı müsabiqəsinin ilk turu keçirilib

Gürcüstanda soydaşlarımızın kompakt halda yaşadıqları Bolnisi bələdiyyəsində fəaliyyət göstərən azərbaycandilli məktəblərin yuxarı sinif şagirdləri arasında unudulmaz soydaşımız – görkəmli türkoloq, tanınmış dilçi-alim və ictimai xadim, akademik Mədəd Çobanovun əziz xatirəsinə həsr olunmuş “Ana dilimiz – varlığımızdır!” mövzusunda II İnşa yazı müsabiqəsinin Bolnisi rayon turu keçirilib.

Regionpress.ge xəbər verir ki, 2025-cü ilin mart ayından ictimaiyyətə elan olunan II İnşa yazı müsabiqəsinin ilk turuna qədim Baçkeçid – indiki Dmanisi bələdiyyəsində fəaliyyət göstərən “Cəmiyyətin Təhsili və inkişafı üçün Vətəndaş birliyi”nin təşkilatçılığı ilə mart ayında start verilib.

Bu münasibətlə mayın 23-də Dmanisi Tədris Mərkəzində təntənəli açılış tədbiri keçirilən İnşa müsabiqəsinin Bolnisi rayon turu iyunun 1-də İmirhəsən Gənclər və Təhsil mərkəzində baş tutub.Əvvəlcə mərhum akademik Mədəd Çobanovun əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tədbiri giriş sözü ilə Bolnisi Gənclər və Təhsil mərkəzinin rəhbəri Rezo Həsənov açaraq, ana dilini öyrənməyin bir borc olduğunu, akademik Mədəd Çobanov irsini araşdırmağın, onu qorumağın və gələcək nəsillərə ötürməyin vacibliyini vurğulayıb.

O, özünə güvənərək müsabiqədə iştirak edən bütün şagirdlərin elə əvvəlcədən mənəvi olaraq qalib olduğunu bildirib. Çünki onlar məhz müqəddəs ana dili uğrunda yarışırlar.Rezo Həsənov bildirib ki, müsabiqədə Bolnisi bələdiyyəsinin Kəpənəkçi (Kvemo-Bolnisi), Darvaz, Faxralı, Güləver, İmirhəsən və başqa kəndlərindəki ictimai məktəblərdən gəlmiş 56 nəfər şagird iştirak edir. Onlardan 20 nəfəri Marneulidə keçiriləcək yekun tura vəsiqə qazanacaqlar.

Sonra “Cəmiyyətin Təhsili və inkişafı üçün Vətəndaş birliyi”nin sədri Kamran Xıdırov akademik Mədəd Çobanovun şərəfli ömür yolundan, zəngin elmi yaradıcılığından, pedaqoji və ictimai fəaliyyətindən söz açıb, unudulmaz alimin olduqca mənalı həyatının Tbilisi və Bakı dövrləri haqqında iştirakçılara geniş məlumat verib.

Ardınca Kamran Xıdırov bildirib ki, iki il öncə dünyasını dəyişmiş mərhum akademik Mədəd Çobanovun əziz xatirəsinə həsr olunmuş və ötən il Gürcüstanda fəaliyyət göstərən “Gürcüstan Maarif Təşkilatı”nın rəhbəri və Gürcüstanda Azərbaycan dilində nəşr olunan “Maarif” qəzet-jurnalının baş redaktoru, tanınmış maarif xadimi, mərhum Ələddin Qarabağlının təşəbbüsü və Akademik Mədəd Çobanov adına Beynəlxalq Xeyriyyə Fondunun təşkilatçılığı ilə əsası qoyulmuş müsabiqənin keçirilməsində əsas məqsəd şagirdlərin ana dilimizə olan sevgilərini daha da artırmaq, onları Azərbaycan dilini daha yaxşı öyrənməyə həvəsləndirməkdir.

Elə buna görə də, müsabiqənin davamlı olacağına əminliyini bildirib və Gürcüstandakı bütün azərbaycandilli məktəbləri əhatə edəcəyini vurğulayıb.Kamran müəllim böyük sevinc hissi ilə Dmanisidə ilk dəfə keşirilən müsabiqədə bələdiyyənin müxtəlif məktəblərindən gəlmiş 75 nəfər şagirdin iştirak etdiyini bildirib və onu da diqqətə çatdırıb ki, Yırğançay, Qarabulaq, Hamamlı, Səfərli, Yuxarı Oruzman ictimai məktəblərinin, həmçinin Dmanisi 2 nömrəli məktəbin şagirdləri xüsusilə fəallıq göstəriblər. Məhz onların arasından seçilən 25 nəfərin Marneulidə keçiriləcək yekun mərhələyə vəsiqə aldığını vurğulayıb.

Sonra Bolnisi Azərbaycanlılarının Mədəniyyət mərkəzinin rəhbəri, tanınmış maarif xadimi, şair-jurnalist Əlixan Yəhyaoğlu şagirdlər arasında bu cür inşa müsabiqələrinin keçirilməsinin əhəmiyyətini vurğulayıb və müsabiqədə iştirak edən şagirdlərə uğurlar arzulayıb.Daha sonra Darvaz kənd ictimai məktəbinin müəllimi, ali məktəbdə akademik Mədəd Çobanovun tələbəsi olmuş Tahirə Əliyeva görkəmli türkoloq, tanınmış diliçi-alim, akademik Mədəd Çobanovun xatirəsinə həsr olunmuş və əsası ötən il qoyulmuş 2 mərhələli İnşa yazı müsabiqənin Bolnisidə keçirilən ilk turunda iştirak edən şagirdlərin ana dilimizlə bağlı “Ana dilimiz – varlığımızdır!..”, “Türk ədəbi dilləri arasında Azərbaycan dilinin yeri”, “Azərbaycan – Gürcü mədəni əlaqələrinin inkişafında Akademik Mədəd Çobanovun rolu”, “Akademik Mədəd Çobanovun yetişdiyi ədəbi mühit və onun elmi pedaqoji fəaliyyətinin Tiflis dövrü” və “Akademik Mədəd Çobanovun yaradıcılığında yurd sevgisi” mövzusunda yazdıqları inşalarda ana dilimizin zənginlikləri barədə öz fikirlərini böyük həvəslə və bir-birindən maraqlı tərzdə bölüşdüklərini bildirib.

Daha sonra Kəpənəkçi məktəbinin Azərbaycan dili müəllimi, tanınmış ictimai xadim Çingiz Yaqubov Gənclər və Təhsil mərkəzinin müəllimləri, Şəhla İsmayılova, Fəridə Seyidova, Qeta (Aşağı Güləver) İcma mərkəzinin müəllimi Günel Abdullayeva və başqaları çıxış edərək görkəmli dilçi alim, akademik Mədəd Çobanovun Azərbaycan dilinin öyrənilməsi və təbliği, inkişafı istiqamətində gördüyü işlərdən danışıb, akademikin yazdığı dərslik və kitabların ana dilimizin öyrənilməsində mühüm rol oynadığını bildiriblər.

Tədbirdə çıxış edənlər unudulmaz alimimiz Mədəd Çobanovun əziz xatirəsinə həsr olunmuş bu cür tədbirlərin keçirilməsinin böyük əhəmiyyət kəsb etdiyini vurğulayaraq, eyni zamanda, inşa yazı müsabiqəsinin də xüsusi önəmindən söz açıblar, belə tədbirlərin davamlı olmasını arzulayıblar, şagirdlərə uğurlar diləyiblər, eyni zamanda, bəzi mövcud problemlərin həlli istiqamətində tövsiyə və təkliflərini də tədbir iştirakçılarının diqqətinə çatdırıblar.

Onlar son illərdə azərbaycandilli məktəblərdə oxuyan şagirdlərin bu cür müsabiqələrdə iştirakının və fəallığının ürəkaçan olduğunu və məhz ana dilimizin inkişafına yönəldiyini vurğulayıblar.Sonda tədbir iştirakçılarına mərhum akademik Mədəd Çobanovun müəllifi olduğu, eləcə də, ona həsr olunan kitablar hədiyyə olunub, xatirə foto-şəkillər çəkilib.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -

Most Popular

Recent Comments