Tbilisi Apellyasiya Məhkəməsi parlament seçkilərinə dair rayon məhkəməsinin qərarını ləğv edib.
Regionpress.ge -nin verdiyi məlumata əsasən, Tbilisi Apellyasiya Məhkəməsi Qori Rayon Məhkəməsinin qərarını ləğv edib və Qeyri-Hökumət Təşkilatı olan “Beynəlxalq Ədalətli Seçkilər və Demokratiya Cəmiyyəti”nin (ISFED) Gürcüstan parlament seçkilərində pozuntulara dair üç iddiasından heç birini təmin etməyib. Bu barədə QHT-nin məlumatında bildirilib.
Qori Rayon Məhkəməsi 4 noyabrda 15 seçki məntəqəsindən etibarsız sayılmış bülletenlərin yenidən sayılmasına qərar vermişdi. Parlament seçkiləri Gürcüstanda 26 oktyabrda keçirilib.
ISFED seçkilərdə müşahidəçi olan və öz hesabatlarını hazırlayan qeyri-hökumət təşkilatlarından biridir. 27 oktyabr tarixində ISFED-in yekun mətbuat konfransında, onların paralel səs sayma məlumatlarının Mərkəzi Seçki Komissiyasının nəticələri ilə üst-üstə düşdüyü qeyd olunub.
Hakim partiya olan “Gürcü Arzusu”nun liderləri dəfələrlə bildiriblər ki, əgər ISFED seçkilərə dair tam hesabatı açıqlasaydı, bu, seçkilərin saxtalaşdırılması ilə bağlı bütün iddiaların yalan olduğunu sübut edərdi.
Hakim partiya “Gürcü Arzusu”nun 53,93% səs topladığına dair MSK-nın nəticələrini parlamentə keçmiş bütün dörd müxalif qüvvə, onlara dəstək verən qeyri-hökumət təşkilatları və Gürcüstan prezidenti Salome Zurabişvili tanımayıblar və seçkilərin tam saxtalaşdırıldığını bəyan ediblər.
Bununla yanaşı, onlar hamısı prokurorluğun hakim partiyaya tabe olduğunu bildirərək onunla əməkdaşlıq etmək niyyətində olmadıqlarını bəyan ediblər. Prokurorluğun dindirilməyə çağırdığı şəxslər yalnız magistrat hakim iştirakı ilə istintaqa cavab verməyə razılıq verirlər.
Prezident və müxaliflər seçkilərin saxtalaşdırılmasına dair bütün sübutların açıq mənbələrdə mövcud olduğunu, prokurorluğun həqiqətən nəyisə araşdırmaq istəsəydi, yalnız Mərkəzi Seçki Komissiyasının çağırışından sonra iş qaldırmayacağını bildiriblər.
Son məlumata görə, Gürcüstan Prokurorluğu, Daxili İşlər Nazirliyi və Xüsusi İstintaq Xidməti seçkilər ərəfəsində və səsvermə günü baş vermiş ehtimal olunan cinayətlərə dair 47 işi araşdırır.
Hakimiyyət seçkilərin saxtalaşdırılması ilə bağlı bütün ittihamları dezinformasiya adlandırır. “Gürcü Arzusu”nun liderləri hər bir ittihamla bağlı mütəmadi olaraq brifinqlər keçirir və şərhlər verirlər. Parlament sədri Şalva Papuaşviliyə görə, seçkilərin saxtalaşdırılmasına dair saxta sübutların fabrikasiyası mövcuddur.


