Gürcüstanın ən böyük onlayn kazinosu “Evolution Georgia” işçiləri ələ salan və təhqir edən menecerlərlə əməkdaşlığı dayandırır.
Şirkətdən AzadlıqRadiosuna bildiriblər ki, 20-yə yaxın adam işdən çıxarılıb.
“Oxşar hadisələrin təkrarlanma riskini aradan qaldırmaq üçün bütün əlavə tədbirləri görməyə hazırıq və buna görə də məsələni daha da araşdırmaqda davam edirik”, – şirkətin bəyanatında deyilir.
“Evolution”ın əməkdaşları iş şəraitinin yaxşılaşdırılması tələbi ilə iyulun 12-də tətilə çıxıblar. Onlar bildirirlər ki, aksiyaya 4000-dən çox işçi qoşulur. Onlarla tələblərdən biri işçiləri ələ salan idarəçilərin işdən çıxarılması idi.
Tətildən əvvəl iyulun 2-də “Broadcaster” onlayn media platformasının Facebook səhifəsində Evolution Georgia-nın bir qrup menecerinin yazışmaları dərc edilib. Yazışmalarda işçiləri kameralar vasitəsilə müşahidə edir və onlara təhqiramiz istinad edirlər – dırnaqlarının uzunluğuna, geyiminə, çəkisinə və ya dərisinin rənginə görə dilerləri ələ salırlar.


