Gürcüstan azərbaycanlıları ictimaiyyətinə iki ağır itki üz verib.
Gürcüstanın “Şərəf” ordeni kavalerləri, Azərbaycan Yazıçılar Birliyinin üzvləri, şair-publisistlər, bir neçə kitabın müəllifləri Dünyamalı Kərəm 105 yaşında və Mayqa Mətin 86 yaşında dünyalarını dəyişiblər.
Gürcüstan azərbaycanlıları ictimaiyyəti adından mərhumların ailələrinə dərin hüznlə başsağlığı verir, səbir diləyirik. Allah rəhmət eləsin. Məkanları cənnət, ruhları şad olsun. Amin.
Mərhumlar dünən dəfn olunub.
Dünyamalı Kərəm 28 aprel 1920-ci ildə keçmiş Gürcüstan SSR-nin Borçalı qəzasının Yekaterinfeld (Lüksemburq – Bolnisi) bölgəsinin Qoçulu kəndində anadan olub. Qoçulu natamam orta məktəbini, 1940-cı ildə Tiflis Dövlət Türk Pedaqoji Texnikumunu bitirib. 1940-1949-cu illərdə Bolnisi rayonunun məktəblərində müəllim işləyib. 1949-cu ildə ADU-nun (indiki BDU-nun ) filologiya fakültəsinin jurnalistika şöbəsinə daxil olub və 1954-cü ildə oranı müvəffəqiyyətlə bitirdikdən sonra “Kommunist” qəzetində Bakı şəhəri və bir il sonra həmin qəzetin Dağlıq Qarabağ Muxtar Vilayəti üzrə xüsusi müxbiri işləyib.
Dünyamalı Kərəm Gürcüstanın Əməkdar Jurnalisti fəxri adına layiq görülüb, “Şərəf” ordeni və iki dəfə Fəxri fərmanla təltif olunub. O, həmçinin Azərbaycan Yazıçılar Birliyinin üzvü olub. Şairin “Borçalım mənim”,”Mən atamın oğluyam”, “Qoçulu”, “Pyeslər”, “Ömür yolları” adlı kitabları çap olunub.
Mayqa Mətin 21iyul, 1938-ci ildə keçmiş Gürcüstan SSR-nin Sarvan, Borçalı rayonunda, kolxozçu ailəsində anadan olub. O, 1 saylı Marneuli orta məktəbini bitirib. Üç il istehsalatda işlədikdən sonra keçmiş V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun (indiki N.Tusi adına ADPU) tarix-filologiya fakültəsinə qəbul olunub. Ali təhsilini bitirdikdən sonra Azərbaycan Elmi Tədqiqat İnstitutunun dissertantı olub. İşləyib qurtardığı elmi əsəri “Azərbaycan dili və tədrisi metodikası” və “Azərbaycan məktəbi” jurnalında çap olunub.
Mayqa Mətin bilik və bacarığı ilə aspirant və dissertantlar arasında seçilib. Ailə və maddi vəziyyətinə görə əsəri müdafiə edə bilməyib. Mayqa Mətin 15 ildən artıq Marneuli 1 saylı Azərbaycandilli məktəbdə tədris işləri üzrə direktor müavini işləyib. Ali kateqoriyalı müəllim kimi 2000-ci ildə “Şərəf” ordeini ilə mükafatlandırılıb.


