Gürcüstanın Mərkəzi Seçki Komissiyası seçkilərin elektron sistemə keçidi, işin daha səmərəli təşkili və işçi heyətinin azaldılması ilə əlaqədar islahatların aparıldığını elan edib.
Regionpress.ge xəbər verir ki, elektron seçki sistemi, səsvermənin avtomatik sayılması və seçicilərin elektron qeydiyyatını nəzərdə tutur. Bu sistem Gürcüstanda ilk dəfə geniş miqyasda 26 oktyabrda keçirilən parlament seçkilərində tətbiq edilib. 2025-ci ilin payızında yerli özünüidarəetmə orqanlarına seçkilər də bu sistemlə keçiriləcək.
“Zamanla, xüsusilə seçkilərin elektron sistemə keçidi ilə bağlı qanunvericilik dəyişikliklərindən sonra seçki administrasiyasının tələbləri dəyişir. Bu isə tez-tez struktur və kadr dəyişikliklərini tələb edir”, – deyə seçki komissiyasının bəyanatında bildirilir.


