Amsterdamda Avropa Liqası çərçivəsində yerli “Ayaks” və Təl-Əvivin “Makkabi” klubları arasında keçirilən futbol matçından sonra İsrail azarkeşlərinə hücum edilib.
Regionpress.ge – nin verdiyi məlumata görə, bu barədə İsrailin BMT-dəki daimi nümayəndəsi Dani Danon X-də (əvvəlki Twitter) məlumat verib.
“Biz Niderlandın [şəhərlərində] israillilərə və yəhudilərə qarşı kəskin zorakılıq hallarına dair çox narahatedici xəbərlər alırıq. Bu, radikal terrorizmin dəstəkçilərinin əsl simasıdır ki, biz ona qarşı mübarizə aparırıq. BMT dərhal və birmənalı şəkildə fələstinlilər və onların tərəfdarlarının törətdiyi zorakılığı pisləməlidir, Niderland hakimiyyəti isə terrorizmə qarşı qətiyyətli tədbirlər görməlidir”, – deyə diplomat vurğulayıb və hücumun videosunu yayımlayıb. Videoda hücum edənlərin üzərində Fələstin dövlətinin simvolları görünür.
İsrailin Ynet xəbər portalı bildirir ki, insident stadion binasının çıxışında baş verib. Ən azı beş azarkeş bıçaq yarası alıb, bəziləri isə keçən avtomobil tərəfindən vurulub.
İsrailin Baş naziri Binyamin Netanyahu israillilərin Amsterdamdan təxliyə olunmasını tapşırıb. “Baş nazir vətəndaşlarımıza yardım göstərilməsi üçün dərhal iki təcili yardım təyyarəsinin göndərilməsini əmr edib”, – deyə məlumat verilib.


