Dekabrın 8-də Marneuli munisipalitetinin Yuxarı Saral kəndində “SARAL İnkişaf və Təhsil Mərkəzi” rəsmi olaraq fəaliyyətə başladı. Mərkəz çərçivəsində müxtəlif təhsil və inkişaf proqramları ödənişsiz olaraq təklif edilir. Kurslar arasında Gürcü dili, İngilis dili, kompüter bilikləri, riyaziyyat, şahmat, rəsm, pianino və futbol yer alır.
Regionpress.ge xəbər verir ki, ilk mərhələdə 240 uşaq, yeniyetmə və gənc mərkəzə qeydiyyatdan keçib. İngilis dili və riyaziyyat kurslarına qatılmaq istəyən iştirakçılar test imtahanından keçərək bilik səviyyələrinə uyğun qruplara bölünüblər. Testlər İngilis dili müəlliməsi Səmra Həsənova, riyaziyyat müəlliməsi Günel Abdullayeva, eləcə də administrativ komanda üzvləri Aysun Süleymanova, Sinan Babakişiyev, Aytəkin Allahverdiyeva və Aminə Əhmədovanın iştirakı ilə keçirilib.
Digər kurslara qəbulun yaxın günlərdə başlayacağı və qeydiyyatdan keçmiş şəxslərə məlumat veriləcəyi bildirilib.
Mərkəzin fəaliyyəti çərçivəsində “İnkişaf və Təhsil Mərkəzi” nin rəhbəri Emin Əhmədov kənd ağsaqqalları, icma nümayəndələri və valideynlərlə görüş keçirib. Görüşdə layihənin məqsədləri, planları və kənd icmasına faydası haqqında geniş məlumat verilib.
“SARAL İnkişaf və Təhsil Mərkəzi” təhsil və fərdi inkişaf sahəsində kənd sakinlərinə dəstək olmaq məqsədi daşıyır. Mərkəzin fəaliyyəti “İnkişaf və Təhsil Mərkəzi” tərəfindən həyata keçirilir.











