Tbilisidə Nodar Dumbadze adına Gənc Tamaşaçılar Teatrında Vətən müharibəsinin ildönümünə həsr olunmuş “Komando” tamaşası nümayiş etdirilib. Tamaşa Azərbaycan səfirliyinin təşəbbüsü və “Era” Teatrının dəstəyi ilə hazırlanıb. Əvvəlcə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib, sonra səfir Faiq Quliyev çıxış edərək Azərbaycanın müstəqilliyi və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda mübarizədən danışıb. O, həmçinin şəhid ailələrinə göstərilən diqqət və qayğını vurğulayıb.
Vətən müharibəsi şəhidi Səlimxan Bayramovun anası Rəhilə Rüstəmova da çıxış edərək şəhid ailələrinə göstərilən qayğıya görə minnətdarlığını bildirib. Tamaşanın rejissoru Anar Rafiqoğlu səhnə əsərinin məqsədinin Azərbaycan Ordusunun qəhrəmanlığını nümayiş etdirmək olduğunu qeyd edib. Tamaşada 44 günlük müharibədə döyüşən əsgər və zabitlərin, həkim Nigar xanımın göstərdiyi qəhrəmanlıqlar təsvir olunub. Tamaşa alqışlarla qarşılanıb və Türkiyə, Türkmənistan səfirləri, Gürcüstan rəsmiləri ,şəhid ailələri, media nümayəndələri, elm, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri və tələbələr tamaşada iştirak ediblər.


