“Gürcü Arzusu”nun Marneuli-Qardabani üzrə namizədi Zaur Darğallı Marneulidə bir sıra seçki məntəqələrində baş verən insidentlərə və qanun pozuntularına cavab verib.
Regionpress.ge xəbər verir ki, bu barədə o, hakim partiyanın Marneuli ofisində brifinq keçirib.
Onun sözlərinə görə, müxalifət Marneulidə bir sıra təxribatlar təşkil etməyə çalışır.
“Səhər səsvermə zamanı qeyd etmişdim ki, radikal müxalifət Marneulidə təxribatlar təşkil etməyə cəhd edir, çünki onlar bilirlər ki, ümumi Gürcüstan üzrə, o cümlədən Marneulidə seçkilərdə məğlub olublar. Gözlədiyimiz kimi, təxribatlar baş verməyə başladı. Qızılhacılı kəndində 74-cü məntəqədə olan hadisə ilə bağlı açıqlama vermək istəyirəm. Həmin məntəqəyə “Milli Hərəkat”ın zonder qrupu və bu qrupun rəhbəri Qiorqi Mumladze yanında 80-100 nəfər gətirərək məntəqəyə ilk öncə göz yaşardıcı qaz atıb, daha sonra isə həm müşahidəçiləri, həm də komissiya üzvünü vurmağa başlayıblar. Daha sonra isə məntəqədə insident başlayıb. Hadisə ilə bağlı müvafiq dövlət orqanları araşdırmalara başlayıblar, gözlənilən kimi, müxalifət tərəfindən təxribat mərkəzlərindən biri kimi Marneuli seçilib. Onlar artıq məğlub olduqları seçkiləri guya hakim partiya tərəfindən müxtəlif qanun pozuntuları ilə göstərməyə çalışırlar. Əhali bilir ki, Marneulidə seçkiləri böyük fərqlə qazanmışıq. Müxaifət isə guya qanun pozuntularının baş verdiyinə dair təxribatlar təşkil edir. Qanun pozuntuları ilə bağlı həm MSK, həm də müvafiq orqanlar müvafiq reaksiya verirlər. Bütün bu prosesə qanun tərəfindən müvafiq cavab veriləcək”, – Darğallı söyləyib.
Zaur Darğallı Sadaxlı kəndinə baş verən qanun pozuntusuna da cavab verib. Onun sözlərinə görə, bu halda da müxalifət təxribat təşkil etməyə və uydurma səhnələr yaymağa çalışır.
“Marneuli əhalisi artıq ölkənin sülhünə, inkişafına səs verib. Heç kim feyk-səhnələr quraraq, təxribatlar təşkil edərək seçkilərin legitimliyinə zərər verə bilməyəcək”- deyə o bəyan edib.


