Uşaqların Beynəlxalq Müdafiəsi Günü: Gürcüstanda uşaqların hüquqları və çağırışlar
Regionpress.ge xəbər verir ki, hər il 1 iyun tarixində dünyanın bir çox ölkəsində olduğu kimi, Gürcüstanda da Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunur. Bu gün uşaqların hüquqlarının qorunması, rifahının təmin olunması və onların gələcək inkişafına diqqət çəkmək məqsədi ilə təşkil olunur.
Bu əlamətdar günün tarixi 1950-ci ilə dayanır. 1949-cu ildə Parisdə Beynəlxalq Demokratik Qadınlar Federasiyası tərəfindən qəbul edilən qərarla 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi təsis olundu və növbəti ildən etibarən bir çox ölkədə rəsmi və qeyri-rəsmi şəkildə qeyd edilməyə başlandı.
Məqsəd – müharibədən sonrakı dövrdə uşaqların təhlükəsizliyini təmin etmək, onların sağlamlıq və təhsil hüquqlarına diqqət yetirmək idi.
Gürcüstanda uşaq hüquqları : Gürcüstan da bu günə xüsusi önəm verir. Ölkə 1994-cü ildə BMT-nin Uşaq Hüquqları Konvensiyasını ratifikasiya edib və bu istiqamətdə bir sıra qanunvericilik islahatları həyata keçirilib. Gürcüstan qanunvericiliyinə əsasən, hər bir uşaq zorakılıqdan qorunmaq, təhsil almaq, sağlam böyümək və cəmiyyətin tamhüquqlu üzvü kimi inkişaf etmək hüququna malikdir.
Bununla belə, bir sıra sosial problemlər hələ də mövcuddur. Xüsusilə kənd və regionlarda yaşayan uşaqların bəziləri təhsildən kənarda qalır, erkən yaşda işləməyə və ya evlənməyə məcbur edilir. Ailə zorakılığı, sosial müavinətlərin qeyri-kafiliyi, əlilliyi olan uşaqların inteqrasiyası məsələləri Gürcüstanda uşaq hüquqları sahəsində hələ də həllini gözləyən problemlərdəndir.
Gürcüstanda uşaq müdafiəsi ilə bağlı fəaliyyət göstərən bir sıra dövlət qurumları və qeyri-hökumət təşkilatları var. Uşaq Ombudsmanı, Sosial Xidmətlər Agentliyi, Təhsil və Elm Nazirliyi, həmçinin yerli və beynəlxalq QHT-lər uşaqların hüquqlarının qorunması istiqamətində müxtəlif layihələr həyata keçirir.
Cəmiyyətə çağırış1 iyun – uşaqlara yalnız şənlik və oyuncaqlar günü deyil, həm də onların ehtiyaclarının və problemlərinin gündəmə gətirildiyi bir gündür. Hər bir valideyn, müəllim, dövlət qurumu və vətəndaş cəmiyyəti nümayəndəsi bu məsələdə üzərinə düşən məsuliyyəti dərk etməli və uşaqların səsi olmalıdır


