“Anakliya limanı 2029-cu ilə qədər ilk gəmiləri qəbul edəcək”.
Regionpress.ge xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri, “Gürcü Arzusu- Demokratik Gürcüstan” partiyasının seçki qərargahının rəhbəri İrakli Kobaxidze seçki proqramının təqdimatı zamanı söyləyib.
Onun sözlərinə görə, Anaklia limanının tikintisi layihəsinin birinci mərhələsinə 600 milyon dollar sərmayə qoyulacaq.
“Bu layihənin birinci mərhələsi 2029-cu ildə başa çatacaq və Anaklia limanı ilk gəmiləri 2029-cu ilə qədər qəbul edəcək. Limanın yükötürmə gücü ildə 600 min konteyner təşkil edəcək. Bu, əlbəttə ki, Gürcüstanın iqtisadi inkişafı üçün ən vacib layihədir”, – deyə İ.Kobaxidze vurğulayıb.
Baş nazir qeyd edib ki, artıq işlərə başlanılıb, Çin-Sinqapur konsorsiumu ilə müqavilə imzalanıb və Belçika şirkəti birbaşa limanın dərinləşdirilməsi üzrə işlərə başlayacaq.
Hökumət başçısı onu da bildirib ki, kommunikasiyanın inkişafı üçün mühüm əhəmiyyət kəsb edən dəmir yolunun modernləşdirilməsi layihəsi də yaxın vaxtlarda başa çatacaq. Yolun yükdaşınma qabiliyyəti 27 milyon tondan 48 milyon tona yüksələcək. Bu layihə də tranzit funksiyamızın inkişafı üçün mühüm əhəmiyyət kəsb edir.


