“Müxalifətin heç bir planı ola bilməz, çünki onların dəyərləri və niyyətləri gürcü xalqının maraqlarına uyğun deyil”.
Regionpress.ge xəbər verir ki, bunu Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili keçirdiyi brifinqdə deyib.
Şalva Papuaşvili qeyd edib ki, müxalifətə nə tapşırılsa, elə də hərəkət edəcəklər.
“O adamların planı ola bilməz, onlar başqaları tərəfindən idarə olunurlar. Başqaları nə desə, dəqiq elə də hərəkət edəcəklər. Baxın, indi qətiyyətlə deyirlər ki, parlamentə daxil olmayacaqlar və sair.
2020-ci ili xatırlayın, o vaxt necə qətiyyətlə danışırdılar və sonra necə hərəkət etdilər. İndi də eyni şey olacaq, onların sahibləri nə tapşırsa, elə də edəcəklər. O zaman onlara təyin olunan maaşlar kəsildiyi halda, maaş tələb etmək cəsarətini belə göstərmədilər.
2021-ci ilin dekabrında maaşları vermək üçün büro iclası keçirdik və bu “inqilabçılar” üçün yüksək məbləğlər köçürüldü. Halbuki onlar əvvəllər maaşa ehtiyaclarının olmadığını deyirdilər. Bu baxımdan onlarda heç bir ləyaqət yoxdur. Başqasının xidmətindəsənsə, ləyaqətindən vaz keçməlisən. Onlar da elə belə edirlər. Sahibləri nə desə, dəqiq elə hərəkət edəcəklər” , – Şalva Papuaşvili ifadə edib.


