Bu gün Bolnisi rayonunun Faxralı kəndində tanınmış şair Nəbi Faxralının adını daşıyan Mədəniyyət Mərkəzinin açılış mərasimi keçirilib.
Regionpress.ge xəbər portalı məlumat verir ki, Tədbirdə Bolnisi, Dmanisi, Tsalka və Tetriskaro (Ağbulaq) rayonlarını təmsil edən majoritar deputat Davit Şerazadaşvili, yerli ziyalılar, müəllimlər, gənclər və kənd sakinləri iştirak ediblər
Açılış mərasimində çıxış edən qonaqlar və ziyalılar şair Nəbi Faxralının həyat və yaradıcılıq yolu, onun Azərbaycan ədəbiyyatına verdiyi töhfələr və poeziyasının özünəməxsusluğundan danışıblar. Onun xalq ruhunu, el sevgisini əks etdirən şeirləri və yazıları tədbir iştirakçıları tərəfindən yüksək dəyərləndirilib.
Qeyd edək ki, yeni yaradılmış Mədəniyyət Mərkəzinin əsas məqsədi, Faxralı kəndindən çıxmış şairlərin, yazıçıların və müxtəlif sahələrdə uğur qazanmış şəxslərin poeziya gecələrinin, ədəbi-bədii tədbirlərin və digər mədəni tədbirlərin keçirilməsi üçün şərait yaratmaqdır.Tədbir iştirakçıları belə bir mərkəzin yaradılmasının kəndin ictimai-mədəni həyatında mühüm rol oynayacağını vurğulayıblar. Bildirilib ki, bundan sonra Faxralıda keçiriləcək bütün əsas mədəni tədbirlər məhz bu mərkəzdə baş tutacaq.




