“Vurğulamaq lazımdır ki, bizə 2012-ci ildə avtoritar rejimdən qurtulmaq, azad və müstəqil ölkədə yaşamaq imkanı verən də məhz bu ərazinin oğlu olub. Sizinlə birlikdə partiyamızın qurucusu və fəxri sədri cənab Bidzina İvanişviliyə bir daha dərin minnətdarlığımı bildirmək istəyirəm”.
Regionpress.ge xəbər verir ki, bu barədə Baş nazir İrakli Kobaxidze Kutaisidə seçki kampaniyasının regional tədbirinə toplaşan əhaliyə bildirib.
Onun sözlərinə görə, Gürcüstanda 2012-ci ilə qədərki vəziyyət, insanların öldürülməsi və işgəncələrə məruz qalması, bizneslərin talanması, televiziyaların oğurlanması, seçkilərin saxtalaşdırılması, müharibə və ölkə ərazisinin 20%-nin itirilməsi hər kəsin yadındadır.
“Bu, xarici agentin və onun qanlı rejiminin 9 il ərzində ölkəmizdə törətdiyi cinayətlərin yalnız tam olmayan siyahısıdır. Gürcü xalqı, təbii ki, bütün bunların geri qayıtmasına imkan verməyəcək. Düz bir həftədən sonra referenduma bərabər olan həlledici seçkilər keçiriləcək, burada gürcü xalqı bir daha müharibəni rədd edib sülhü seçəcək, əxlaqsız təbliğatı rədd edib ənənəvi dəyərləri seçəcək, qaranlıq keçmişi rədd edib, Gürcüstanın parlaq, Avropa gələcəyini seçəcək”, – deyə İrakli Kobaxidze bildirib.


