Hakim “Gürcü Arzusu” Partiyası yenidən prezident Salome Zurabişvilinin impiçmenti proseduruna başlamaq qərarına gəlib. Bu barədə məlumatı Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili brifinq zamanı bildirib. O qeyd edib ki, bu addımın əsas səbəbi prezidentin hələ də xarici səfərlərə icazəsiz getməsidir. Papuaşvili əlavə edib ki, yeni konstitusiya təklifi parlament seçkilərinə qədər Gürcüstanın Konstitusiya Məhkəməsinə təqdim ediləcək.
“Gürcüstan Konstitusiya Məhkəməsi tərəfindən konstitusiyanın pozulması faktı təsdiqləndikdən sonra yeni çağırış parlament ilk sessiyalarda Salome Zurabişvilini ən azı 100 səslə impiçment qaydasında vəzifəsindən uzaqlaşdıracaq. Bildiyiniz kimi, Salome Zurabişvilinin səlahiyyət müddəti cari ildə başa çatır. Buna görə də impiçment yolu ilə onun vəzifəsindən kənarlaşdırılması onun səlahiyyət müddətini maksimum bir ay qısalda bilər. Bu səbəbdən, impiçment qaydasında vəzifəsindən kənarlaşdırılmasının hüquqi və siyasi əhəmiyyəti çox prinsipialdır. Gürcü xalqının əsas qanununun bilərəkdən, kobud və sistematik pozulması cəzasız qala bilməz” , – qeyd edib Şalva Papuaşvili.


