“Müxalifətin ümumiyyətlə heç bir resursu yoxdur. Parlamentin ilk iclası adi qaydada keçiriləcək, parlament işə başlayacaq, hökumət təsdiq olunacaq”.
Bunu “Gürcü Arzusu”nun seçki qərargahının rəhbəri, Baş nazir İrakli Kobaxidze keçirdiyi brifinqdə deyib.
“Ölkəmizdə proseslər adi rejimdə davam edəcək. Müxalifətin ümumiyyətlə heç bir resursu yoxdur, üçüncü dəfədir ki, parlament seçkiləri bizim hakimiyyət dövründə keçirilir və bu, ilk dəfədir ki, müxalifət nümayəndələri Mərkəzi Seçki Komissiyasının binasına hücum etməyə cəsarət etməyiblər. Bunun sadə bir səbəbi var – qələbə o qədər təsirli və açıqdır ki, o cümlədən elektron seçkilər və misilsiz seçkiqabağı mühit şəraitində seçkilərin manipulyasiyasından danışmağa hər hansı bir cəhd o qədər gücsüzdür ki, təbii olaraq onların bütün bu cəhdləri uğursuzluğa məhkumdur”, – deyə baş nazir qeyd edib.


