Gürcüstanda hakim Gürcü Arzusu Partiyasının qazandığını elan etdiyi 26 oktyabr parlament seçki nəticələrini qəbul etməyən Qərb yönümlü müxalifət partiyalarının iştirakı ilə etiraz aksiyası keçirilib.
Paytaxt Tbilisidə axşam saatlarında Parlament binası qarşısında toplaşan etirazçılar 26 oktyabrda keçirilən seçkiləri tanımadıqlarını və yenidən seçki keçirilməsini tələb ediblər.
“Yaşasın Gürcüstan” şüarlarının səsləndirildiyi aksiyaya minlərlə vətəndaş qatılıb. Səhnədə çıxış edən “Dəyişiklik üçün Koalisiya” blokunun liderlərindən biri Nika Melia geri çəkilməyəcəklərini vurğulayaraq hər gün aksiya keçirməli olduqlarını qeyd edib.
“Hər gün Tbilisidə olacağıq. Bəzən çox izdihamlı olacağıq, bəzən bundan daha çox, amma yaxın zamanda elə bir gün gələcək ki, burada parlamentə heç kim içəri girə bilməyəcək. Hər gün küçədə olacağıq. Elə izdihamlı toplanmalıyığ ki, heç kim Parlamentə girə bilməsin. Sadəcə Rustavelidə toplaşmaq yetmir; bütün küçələrdə bir araya gəlməliyik. Sabah saat 14:00-da İdman Sarayında toplaşacağıq və bunu hər gün etməliyik. Qürurlu Gürcü xalqına yaraşan bir zəfər əldə edənə qədər geri çəkilməyəcəyik; hər gün aksiya keçirməliyik” – deyə Nika Melia mitinqə toplaşan insanlara müraciətində söyləyib.
Bundan əlavə mitinqdə müxalifətin 6 maddəlik planı açıqlanıb.
Belə ki, Parlamentdə təmsil olunma hüququ qazanan Qərb yönümlü “Dəyişiklik üçün Koalisiya” bloku, “Birlik: Milli Hərəkat” koalisiyası və “Güclü Gürcüstan” koalisiyası xalq qarşısında birgə planlarını təqdim etdilər.


