Gürcüstan prezidenti Salome Zurabişvili müxalifət nümayəndələri ilə görüşüb. Görüş Orbelianebi sarayında keçirilir.
Regionpress.ge bildirir ki, “Güclü Gürcüstan” koalisiyasının liderləri Mamuka Xazaradze və Badri Caparidze artıq Salome Zurabişvili ilə görüşdə idilər və Zurabişvili “Dəyişiklik naminə koalisiya”nın liderləri Nika Qvaramia və Elene Xoştaria ilə görüşüb.
Nika Qvaramia və Elene Xoştariya görüşdən əvvəl mediaya şərh verməyib və görüşün məqsədi ilə bağlı məlumatlarının olmadığını bildiriblər.
Görüşdən çıxandan sonra Mamuka Xazaradze jurnalistlərə bildirib ki, görüşdə əsas söhbət mövzusu “Xalq Parlamenti”nin yaradılması ideyası olub.
“Xalq Parlamenti şərti təyinatdır, biz bu ideyanı prezidentə tanıtdıq. Görüşdən çox məmnun çıxdım, çox maraqlı görüş keçirdik. Prezident brifinq keçirəcək və mən ondan əvvəl şərh vermək istəmirəm, çünki prezident çox vacib planları ictimaiyyətə özü təqdim edəcək. Bu görüşlər təkcə bizimlə deyil, digər koalisiyalarla da davam edəcək. Düşünürəm ki, ictimaiyyətin anlaması lazım olan ən vacib şey plandır. Bu plan mövcuddur və plan bu ölkədə dinc seçkilərin keçirilməsidir”, – deyə Mamuka Xazaradze bildirib.


