Bu il Avropa Siyasi Birliyi sammitində əsas müzakirə mövzusu Avropadakı təhlükəsizlik problemləridir.
Regionpress.ge – nin verdiyi məlumata əsasən , Gürcüstanın Baş naziri İrakli Kobaxidze Avropa İttifaqı ölkələrinin liderləri ilə birgə Avropa Siyasi Birliyinin (ASB) sammitində iştirak etmək üçün Macarıstana səfərinə başlayır, bu barədə Gürcüstanın Xarici İşlər naziri İliya Darçiaşvili məlumat verib.
Avropa Siyasi Birliyinin beşinci sammiti, 2024-cü ilin sonuna qədər Avropa İttifaqı Şurasına sədrlik edən Macarıstanın paytaxtı Budapeştdə 7 noyabrda başlayır. Sammitə Avropa İttifaqının liderləri, üzv dövlətlər və digər Avropa ölkələrinin liderləri dəvət olunub. Ümumilikdə 47 ölkənin iştirakı nəzərdə tutulub.
“Gürcüstanın Baş naziri Avropa Siyasi Birliyinin iclasında iştirak etmək üçün Macarıstana səfər edir. Burada Avropa İttifaqının üzv dövlətlərinin və namizəd ölkələrin liderləri iştirak edəcək ki, bu da ümumilikdə prezident Makronun təşəbbüsü ilə yaradılmış çox mühüm formatdır”, – deyə İliya Darçiaşvili bildirib.
Xarici İşlər naziri vurğulayıb ki, bu mexanizm Aİ ilə siyasi cəhətdən assosiasiya olunmuş ölkələrin daha çox yaxınlaşmasına imkan yaradır.
Beşinci Avropa Siyasi Birliyi sammitində müzakirənin əsas mövzusu Avropada təhlükəsizlik problemləridir.
Gürcüstan hökumətinin mətbuat xidmətindən verilən məlumata görə, sammit çərçivəsində miqrasiya, iqtisadi təhlükəsizlik, əlaqələr, energetika, nəqliyyat, informasiya texnologiyaları və qlobal ticarətlə bağlı tematik müzakirələr planlaşdırılıb.
Gürcüstanın Baş nazirinin iqtisadi təhlükəsizlik və qarşılıqlı əlaqə mövzusunda panel müzakirəsində çıxışı nəzərdə tutulub.
Kobaxidze sammitdə Xarici İşlər naziri İliya Darçiaşvili və hökumət administrasiyasının rəhbəri Levan Jorjoliani daxil olmaqla nümayəndə heyəti ilə birgə iştirak edəcək.
Avropa Siyasi Birliyi konsepsiyasının müəllifi Fransa prezidenti Emmanuel Makrondur və onun yaradılması 2022-ci ilin may ayında elan edilib. Birliyə Aİ-nin 27 üzv dövləti, Qərbi Balkan ölkələri, Norveç, İsveçrə, İslandiya, Lixtenşteyn, Böyük Britaniya, Ukrayna, Moldova, Gürcüstan, Türkiyə, Ermənistan və Azərbaycan daxildir.


