Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili “Agentlər haqqında qanun”u imzalayıb. O, bu barədə parlamentdə keçirdiyi brifinqdə məlumat verib.
“Emosiyalar səngidi və radikal müxalifətin etirazına qoşulan vətəndaşların çoxu artıq gördü ki, əslində şəffaflıq qanunu qeyri-hökumət təşkilatlarının və onları maliyyələşdirənlərin məsuliyyətini və hesabatlılığını artıracaq, siyasi sistemi təkmilləşdirəcək, zəiflədəcək. Dezinformasiya, radikalizm və qütbləşməni azaldır”, – Şalva Papuaşvili bildirib.
Prosedura görə, veto qoyulan qanun layihəsi prezident tərəfindən imzalanmazsa, parlament sədrinin imzasından sonra Qanunvericilik Qəzetində dərc olunacaq və həmin andan hüquqi status alacaq.
Qanunun qəbuluna minlərlə insanın etiraz etməsinə və Gürcüstanın tərəfdaş ölkələrinin bunu Avropaya inteqrasiyaya mane olan amil hesab etməsinə baxmayaraq, parlament sədri bunu “əsl gürcü qanunu” adlandırıb.
Mayın 28-də Gürcüstan parlamenti prezidentin vetosunu ləğv edərək, yekun səsvermədə “Gürcü arzusu”nun təşəbbüsü ilə irəli sürülmüş “Agentlər haqqında qanun”u 84 səslə təsdiqləyib.
“Rusiya qanunlarına yox!” Tbilisidə və Gürcüstanın digər şəhərlərində on minlərlə vətəndaş iki aya yaxındır ki, bu əsas şüarla qanuna etiraz ediblər.


